- 07 Mar 2026
Bakı Avrasiya Universitetində (BAAU) II Beynəlxalq Qadın Araşdırmaları Konfransı keçirilib. Konfrans BAAU-nun və ASES – “Academy of Scientific and Educational Studies” təşkilatının birgə təşkilati dəstəyi ilə təşkil olunub və müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, müəllimlər və gənc araşdırmaçılar bir araya gətirilib.
Konfransın əsas məqsədi qadın araşdırmaları sahəsində aparılan elmi tədqiqatların müzakirə olunması, yeni yanaşmaların təqdim edilməsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi olub. Tədbir çərçivəsində gender tədqiqatları, sosial və humanitar elmlər, eləcə də qadınların cəmiyyətdə rolu ilə bağlı müxtəlif mövzular üzrə elmi məruzələr təqdim olunub.
Üç gün davam edən konfrans zamanı iştirakçılar elmi müzakirələrə cəlb olunub, tədqiqat nəticələri paylaşılıb və gələcək akademik əməkdaşlıq imkanları müzakirə edilib.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub, qəbul edilən tezislərin konfrans materialları toplusunda dərc ediləcəyi bildirilib.
II Beynəlxalq Qadın Araşdırmaları Konfransı qadın araşdırmaları sahəsində elmi müzakirələrin genişlənməsinə və beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə verən mühüm tədbir kimi yadda qalıb.




