- 01 May 2026
Bakı Avrasiya Universitetinin (BAAU) akt zalında sonuncu kurs tələbələri üçün istehsalat təcrübəsi barədə məlumatlandırıcı görüşlər təşkil olunub. Aprelin 30-da BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin, mayın 1-də isə Filologiya fakültəsinin sonuncu kurs tələbələri ilə görüş keçirilib.
Görüşlərin keçirilməsində əsas məqsəd tələbələrə istehsalat təcrübəsinin vacib mərhələlərinin izah edilməsi olub. Onlara təcrübə müddətində yerinə yetirməli olduqları işlər, tədris illərində əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmələri üçün müvafiq tövsiyyələr verilib. Eyni zamanda təhsil proqramının və təcrübənin təşkili ilə bağlı BAAU-nun müvafiq qaydaları tələbələrin diqqətinə çatdırılıb.
Tədbirdə BAAU-nun fakültələrinin dekanları, kafedra müdirləri, Tədrisin təşkili departamentinin müdiri və təcrübə rəhbəri, eləcə də müvafiq kafedralar tərəfindən təyin edilmiş və təcrübəyə rəhbərlik edəcək müəllimlər iştirak ediblər.
Dekanların çıxışlarından sonra Tədrisin təşkili departamentinin təcrübə rəhbəri Qafar Verdiyev istehsalat təcrübəsinin təşkili qaydaları, qiymətləndirmə meyarları və hesabatlılıq prinsipləri barədə tələbələrə ətraflı məlumat verib, tələbələrin qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb.
Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara təcrübə dövrü ilə bağlı müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, istehsalat təcrübəsi 4 may 2026-cı il tarixindən BAAU-nun əməkdaşlıq etdiyi fərqli dövlət, özəl və ictimai təşkilatlarda başlayacaq.




