Xəbərlər

Bakı Avrasiya Universiteti 30 yaşını qeyd edir

Bakı Avrasiya Universiteti 30 yaşını qeyd edir
  • 29 Apr 2022

Beynəlxalq Muğam Mərkəzində Bakı Avrasiya Universitetinin təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Təhsil Nazirliyinin təmsilçisi, Milli Məclisin deputatları, BAAU-nun əməkdaşlıq etdiyi Türkiyə universitetlərinin rektorları, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar və elm xadimləri iştirak ediblər. 

Azərbaycan Respublikasınını dövlət himni səsləndirildikdən və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra BAAU-nun yaradılması, missiyası, məqsəd və vəzifələri, ötən müddət ərzində verdiyi çoxsaylı töhfələr haqqında qonaqlara məlumat verilib. Qeyd edilib ki, Bakı Avrasiya Universiteti1992-ci ilin aprel ayının 30-da Azərbaycanda Ali Diplomatiya Kolleci adı altında fəaliyyətə başlayıb. O gündən indiyədək universitet müasir Azərbaycanın təhsil və elm sahəsində məğrur, yorulmaz bir əsgər kimi xidmət göstərir.

Tədbirdə Bakı Avrasiya Universitetinin yaranmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib. BAAU-nun həyat yoluna nəzər salınıb, müasir dövrdə rəqabətyönümlü təhsil sferasında özünəməxsus fəaliyyəti haqqında danışılıb.

Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli Azərbaycanın təhsil sistemində rəhbərlik etdiyi universitetin yerindən və uğurlarından bəhs edib. O deyib ki, BAAU ali təhsilin müasir tələblərə uyğun tədris edilməsində və praktikliyinin təmin edilməsində dövlətin qoyduğu tələbləri yerinə yetirir: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri çatmaq üçün əzmlə çalışır”. 

Təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxışında BAAU-nun yarandığı vaxtdan indiyədək olan fəaliyyətində əməyi olan hər kəsi təbrik edib, ali təhsilin inkişafı ilə bağlı nazirliyin gördüyü işlərdən danışıb, BAAU-ya fəaliyyətində uğurlar arzulayıb. Çıxış edən millət vəkili, professor Musa Qasımlı da BAAU-nun ötən dövr ərzində ölkəmizdə yetişdirdiyi kadrlar, təhsil sistemində gördüyü sanballı işləri qeyd edib. Ölkəmizdə ilk diplomat yetişdirən təhsil müəssisələrindən biri kimi BAAU-nun adının tarixə həkk olunduğunu söyləyib.

Daha sonra Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin rektoru, professor Mustafa Alışarlı, Niğde Ömər Halisdemir Universitetinin rektoru, professor  Hasan Uslu, Qafqaz Universitetləri Birliyinin sədri, professor  Ramazan Korkmaz və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun direktoru, doktor Mustafa Latif çıxış ediblər. Onlar çıxışlarında BAAU ilə əməkdaşlıqlarından, birgə fəaliyyətlərindən danışıblar. Ali təhsilli kadrların yetişdirilməsi, elmi naliyyətlərin qazanılması və türk dünyasının daha da yaxınlaşdırılması üçün bundan sonra da fəaliyyətlərin əaqələndirilməsinə hazır olduqlarını bildiriblər.  

BAAU ilə ikili diplom layihəsini həyata keçirən İtaliyanın Genuya Universitetinin “Sosial Elmlər Departamenti”nin rəhbəri professor, doktor Guido Amorettinin video formatında təbrik çıxışı səsləndirilib. O çıxışında bildirib ki, gələcəkdə tələbə və müəllim mobilliyinin artırılması və ikili diplomların tanınmasında daha çox sahələrin əhatə edilməsi nəzərdə tutulur. “Çünki indiyədək olan fəaliyyətimizidə hər iki tərəf üzərinə götürdüyü öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirə bilib”- 0 çıxışı zamanı bildirib.

Sonra BAAU-nun məzunları, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin şöbə müdiri Cavanşir Məcidov, Azərbaycan-Monttenoqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə və tələbəsi Zəhra Rəsulzadə çıxış edib, universitet haqqında öz təəssüratlarını bölüşüblər.

Digər Xəbərlər