- 01 Apr 2025
Bakı Avrasiya Universitetinin (BAAU) tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Səfər BAAU-nun Regionşünaslıq və humanitar fənlər kafedrasının müəllimləri Aygün Miriyeva, Jalə İsmayılova və Məleykə Adıgözəlovanın rəhbərliyi ilə təşkil olunub.
Ekskursiyada Regionşünaslıq (ABŞ və Kanada), Regionşünaslıq (Avropa ölkələri), Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Filologiya (İngilis dili və ədəbiyyatı), Tərcümə (İngilis dili) və Beynəlxalq Münasibətlər ixtisaslarının tələbələri iştirak edərək Qobustan qayaüstü rəsmlərinin tarixi, mədəni və mifoloji əhəmiyyəti, eləcə də onların Novruz ənənələri ilə əlaqəsi haqqında məlumat əldə ediblər. Tələbələr qədim qayaüstü rəsmlərlə tanış olub, Novruzun atributlarından sayılan Yallı rəqsinin tarixi kökləri ilə bağlı müzakirələr aparıblar.
Tədbir çərçivəsində tələbələr milli adət-ənənələrimizi əks etdirən xonça bəzəmə, yumurta döyüşdürmə və Novruzla bağlı bilik yarışlarında iştirak ediblər. Bu ekskursiya həm də Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verərək, tələbələrin mədəni irs haqqında biliklərinin artırılmasına və onun qorunmasına xidmət edib.