- 22 Mar 2025
Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Dayanıqlılığa yeni baxış: ECON-ESG (A new perspective on sustainability: ECON-ESG)” mövzusunda növbəti onlayn seminar keçirilib. “Google Meet” platforması üzərindən təşkil olunan seminarda universitetin akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.
Seminarın açılış nitqi ilə çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Sevda Rzayeva tədbir iştirakçılarını Novruz bayramı və müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O, dayanıqlı inkişafın müasir cəmiyyətlər üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, bu sahədə yeni yanaşmaların və multidissiplinar araşdırmaların aktuallığını qeyd edib.
BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri prof. Cem Işığın moderatorluğu ilə keçən seminarda Cənubi Florida Universitetindən Prof. Dr. Serdar Ongan mövzuyla bağlı təqdimatla çıxış edib.
O, çıxışında dayanıqlılıq anlayışına müasir iqtisadi və ekoloji kontekstdə yenidən baxmağın vacibliyini vurğulayıb. ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinin iqtisadi sistemlərdə tətbiqinin perspektivləri və çətinlikləri müzakirə olunub.
S.Ongan xüsusilə, ESG göstəricilərinin şirkətlərin dəyərinə və maliyyə performansına təsirini təhlil edib. O, həmçinin, davamlı investisiya strategiyalarının inkişaf etdirilməsi, yaşıl maliyyə mexanizmlərinin gücləndirilməsi və biznesin sosial məsuliyyət öhdəliklərinin artırılması istiqamətində beynəlxalq təcrübələrdən bəhs edib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq seminar və ustad dərslər silsilə şəklində davam etdiriləcək.