- 08 Jul 2026
Sakarya Universitetinin Təbiət Elmləri Fakültəsinin Fizika kafedrasının müəllimi Nagihan Delibaş Bakı Avrasiya Universitetində (BAAU) səfərdə olub. Səfər proqramı çərçivəsində qonaq BAAU-nun rektoru, dosent Səyavuş Qasımov ilə görüşüb. Görüşdə iki ali təhsil müəssisəsi arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, beynəlxalq qrant proqramlarında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı akademik əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşlərdə BAAU ilə Sakarya Universiteti arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinin, yeni birgə layihələrin reallaşdırılmasının və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinin hər iki ali təhsil müəssisəsinin elmi və akademik inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Səfər çərçivəsində qonaq BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva və Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova ilə iki universitet arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, akademik mübadilə imkanlarının genişləndirilməsi, müəllim və tədqiqatçıların beynəlxalq fəaliyyətinin təşviqi, eləcə də elmi-tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Daha sonra Nagihan Delibaş universitetin professor-müəllim heyəti ilə görüş keçirib. Görüş çərçivəsində birgə elmi layihələrin hazırlanması, beynəlxalq qrant proqramlarında əməkdaşlıq imkanları, ortaq tədqiqatların təşkili və gələcək akademik təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, bu cür qarşılıqlı səfərlər universitetlər arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, elmi potensialın artırılması və ali təhsil sahəsində qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir.




