- 22 May 2026
Bakı Avrasiya Universitetində (BAAU) Serbiyanın Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kollecinin nümayəndə heyəti ilə görüş təşkil olunub. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, akademik tərəfdaşlığın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzularını müzakirələr aparılıb.
Qonaqlar öncə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov ilə görüşüb. Görüş zamanı mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələri müsbət qiymətləndirilib, əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər birgə elmi-tədqiqat layihələrinin, müəllim və tələbə mübadiləsi proqramlarının, eləcə də institusional əməkdaşlıq mexanizmlərinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova, eləcə də Tərcümə kafedrası ilə Xarici dil və ədəbiyyat kafedralarının professor-müəllim heyəti Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kollecinin nümayəndə heyətinə daxil olan Livia Szedmina, Csaba Kukli və Dragana Radakovic Tokovic ilə bir sıra görüşlər keçiriblər.
Görüşlər zamanı akademik mobillik proqramlarının inkişaf etdirilməsi, tədris və elmi fəaliyyət sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirak imkanları və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər beynəlxalq əməkdaşlığın ali təhsilin keyfiyyətinin yüksəldilməsi, innovativ təcrübələrin paylaşılması və universitetlərin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Serbiyalı müəllimlər BAAU-nun tələbələri üçün müxtəlif mövzularda mühazirələr təqdim edərək öz elmi bilik və peşəkar təcrübələrini bölüşüblər. İnteraktiv formatda keçirilən mühazirələr tələbələr tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrlə müşayiət olunub.
Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kollecinin nümayəndə heyətinin BAAU-ya səfəri beynəlxalq tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, akademik əməkdaşlığın genişləndirilməsi və ali təhsil sahəsində qarşılıqlı faydalı təşəbbüslərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.




