Xəbərlər

Ümumdünya Su Günü münasibətilə elmi-praktik tədbir keçirilib

Ümumdünya Su Günü münasibətilə elmi-praktik tədbir keçirilib
  • 16 Mar 2026

Bakı Avrasiya Universitetində (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamenti ilə Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Biznes və menecment kafedrasının birgə təşkilatçılığı ilə Ümumdünya Su Günü münasibətilə “Sudan Dayanıqlılığa: İqlim Dəyişiklikləri və Su Resurslarının İdarə Edilməsi” mövzusunda elmi-praktik tədbir təşkil olunub.

Açılış nitqləri ilə çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva və Biznes və menecment kafedrasının müdiri, dosent Mətanət Qurbanova tədbirin əhəmiyyətini vurğulayaraq su resurslarının qorunması və səmərəli idarə edilməsinin müasir dövrdə prioritet məsələlərdən biri olduğunu qeyd ediblər.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov “Su qıtlığından su dayanıqlılığına” mövzusunda çıxış edərək mövcud problemlər və həlli yolları barədə məlumat verib. Strateji inkişaf şöbəsinin əməkdaşları Nərmin Seyidova və Nərmin Hüseynova isə iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, həmçinin su resurslarının dayanıqlı istifadəsində innovativ yanaşmalar, o cümlədən membran texnologiyaları və ağıllı idarəetmə sistemləri barədə təqdimatlarla çıxış ediblər.

Daha sonra BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Biznes və menecment kafedrasının müəllimləri Səfərov Rəhman, Heydərov Vüsal, Tağısoy Xədicə, Bayramova İlfanə, Mərdanlı İlahə və Nuri Umleyla, həmçinin BAAU-nun Turizm işinin təşkili ixtisası üzrə III kurs tələbəsi Cabbarova Adilə və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm işinin təşkili ixtisası üzrə magistrantı Səfərova Ülkər mövzu ilə əlaqədar çıxışlar ediblər. 

Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, su ehtiyatlarının qorunması və dayanıqlı idarə olunması istiqamətində maarifləndirmənin artırılmasının vacibliyi bir daha vurğulanıb.

Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Digər Xəbərlər