- 07 May 2026
Bakı Avrasiya Universiteti (BAAU) Dövlət Məşğulluq Agentliyinin (DMA) Bakı Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə universitetin tələbə və məzunları üçün əmək yarmarkası təşkil edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətindən bəhs edərək, tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin vacibliyini vurğulayıb. Rektor universitet ilə dövlət qurumları və işəgötürənlər arasında əməkdaşlığın gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Daha sonra DMA-nin Sosial Tərəfdaşlarla İş Departamentinin müdiri Saleh Həsənov çıxış edərək əmək yarmarkalarının işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını bildirib. O, bu cür tədbirlərin işəgötürənlərlə namizədlər arasında birbaşa əlaqələrin qurulmasına, eləcə də gənclərin vakansiyalar barədə operativ məlumat əldə etməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb. O, bildirilib ki, əmək yarmarkasının təşkilində əsas məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi, həmçinin işəgötürənlərlə birbaşa əlaqələrin qurulmasına şərait yaratmaqdır.
Yarmarkada 43 müxtəlif müəssisə 150-yə yaxın vakansiya ilə iştirak ediblər. İştirakçılara iş öhdəlikləri, əmək şəraiti, karyera inkişaf imkanları və tələb olunan bacarıqlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, bir sıra müəssisələr tərəfindən ilkin müsahibələr aparılıb, namizədlərin CV-ləri qəbul olunub və gələcək mərhələlər üçün qeydiyyat həyata keçirilib.




