XƏBƏRLƏR

Universitetimiz “IDTECH” MMC ilə anlaşma memorandumu imzalayıb

Universitetimiz “IDTECH” MMC ilə anlaşma memorandumu imzalayıb
  • 05 Jun 2026

Bakı Avrasiya Universitetində (BAAU) “IDTECH” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və rektorun köməkçisi Arif Nəcimov, həmçinin “IDTECH” MMC-nin IDTech Akademiyasının direktoru Elşən Fərzəliyev, layihələr və tədbirlər üzrə koordinator Aydan Tarverdiyeva və B2C satış meneceri Bəyaz Məmmədova iştirak ediblər.

Görüş zamanı informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri, tələbələrin peşəkar inkişafının dəstəklənməsi, onların beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunması və əmək bazarının tələblərinə uyğun hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra tərəflər arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflər arasında təhsil və peşəkar inkişaf sahəsində strateji əməkdaşlığın qurulması, “İT Sertifikatlaşma və Karyera Proqramı”nın birgə hazırlanması, təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsidir.

Sənədə əsasən, sözügedən proqram çərçivəsində Red Hat Sertifikatlı Sistem Administratoru (RHCSA), Cisco Sertifikatlı Şəbəkə Əməkdaşı (CCNA), Kibertəhlükəsizlik, Proqramlaşdırma (Java), eləcə də İT və Şəbəkə əsasları üzrə təlimlərin təşkili nəzərdə tutulur.

Tərəflər arasında başlayan yeni əməkdaşlıq BAAU-nun tələbələrinin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, onların beynəlxalq sertifikatlar əldə etməsinə və gələcək karyera imkanlarının genişləndirilməsi üçün əlavə imkanlar qazandıracaq.

DİGƏR XƏBƏRLƏR