XƏBƏRLƏR

Universitetimiz ilə Sinop Universiteti arasında anlaşma memorandumu imzalanıb

Universitetimiz ilə Sinop Universiteti arasında anlaşma memorandumu imzalanıb
  • 01 Jun 2026

Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi ilə Türkiyə Respublikasının Sinop Universitetinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə BAAU-nun rektoru dosent Səyyavuş Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva, həmçinin Sinop Universitetinin Prorektoru Prof. Dr. Muhittin Yılmaz və Baş katibi Şenol Metin iştirak edib. 

Görüş zamanı BAAU-nun rektoru, dosent Səyavuş Qasımov qonaqlara universitet barədə məlumat verib, universitetin beynəlxalq əlaqələri, tədris proqramı və maddi-texniki bazasından danışıb. O, BAAU-nun xarici universitetlərlə əməkdaşlığa və tələbə-müəllim mübadiləsinə xüsusi önəm verdiyini, həmçinin tədris proqramlarının beynəlxalq standartlara uyğun yeniləndiyini vurğulayıb. Rektor universitetin son illərdə beynəlxalq sahədə qazandığı uğurlardan danışaraq, birgə layihələrin və proqramların BAAU-nun nüfuzunu artırdığını qeyd edib. 

Sinop Universitetinin Prorektoru Prof. Dr. Muhittin Yılmaz çıxışında BAAU-nun rektoruna qonaqpərvərliyinə görə təşəkkür edib və təmsil etdiyi universitet hqqında ətraflı məlumat verib.

Çıxışlardan sonra iki ali təhsil müəssisəsi arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən universitetlər arasında təhsil və elm sahələrində əlaqələrin genişləndirilməsi, akademik mobilliyin təşviqi, professor-müəllim heyəti, tədqiqatçılar və tələbələr üçün mübadilə proqramlarının təşkili, ortaq tədris proqramlarının hazırlanması, ikili diplom və sertifikat proqramlarının inkişaf etdirilməsi, beynəlxalq qrant proqramları və elmi fondlar çərçivəsində birgə layihələrin hazırlanması, birgə elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması, eləcə də konfrans, seminar, simpozium və digər elmi tədbirlərin birgə təşkili nəzərdə tutulur. 

Qeyd edək ki, BAAU beynəlxalq əlaqələrini genişləndirməklə universitetin qlobal təhsil məkanına inteqrasiyasını, akademik əlaqələrin genişləndirilməsini və təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edən mühüm addımlar atmaqda davam edir.

DİGƏR XƏBƏRLƏR