- 07 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi və 7-8 aprel 2026-cı il tarixlərində davam edəcək Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının təşəbbüsü ilə təşkil olunan sərgi ölkənin ali təhsil imkanlarını beynəlxalq səviyyədə tanıtmaq, xarici tələbələri Azərbaycanda təhsilə cəlb etmək, eləcə də ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədi daşıyıb. Sərgi çərçivəsində BAAU və Azərbaycan universitetlərinin təhsil proqramları, innovativ yanaşmaları və beynəlxalq tərəfdaşlıq imkanları nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek iki ölkə arasında ali təhsil, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycan ali təhsil sistemini beynəlxalq platformalarda təşviq etməyin vacibliyini qeyd ediblər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir.
Sərgidə BAAU öz stendi və fəallığı ilə seçilib. Belə ki, sərgi iştirakçıları və qonaqlar Universitetimizin stendinə yaxınlaşaraq BAAU haqqında və onun təklif etdiyi təhsil proqramları, maddi-texniki imkanları və əcnəbi tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat əldə ediblər.
BAAU-nun nümayəndə heyəti sərgi zamanı müxtəlif Qazax Ali təhsil müəssisələrin rəhbərləri ilə görüşlər keçirib, universitetin tədris imkanları, ixtisas proqramları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat bölüşüblər. Eyni zamanda, potensial tərəfdaş universitetlərlə tələbə mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqat sahələrində əməkdaşlıq imkanlarını müzakirə edilib.
BAAU-nun bu kimi beynəlxalq tədbirlərdə iştirak etməsi ali təhsil müəssisəsinin qlobal təhsil məkanında mövqeyini möhkəmləndirmək, beynəlxalq tələbə cəlbini artırmaq və strateji tərəfdaşlıqları genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər planının bir hissəsidir.




