XƏBƏRLƏR

Universitetimiz “Təhsil–təlim–məşğulluq–sənaye: şəbəkələşmə görüşü”ndə təmsil olunub

Universitetimiz “Təhsil–təlim–məşğulluq–sənaye: şəbəkələşmə görüşü”ndə təmsil olunub
  • 18 Jun 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və karyera məsləhətçisi Aydan Xankişiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) təşkilatçılığı və KVET Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Təhsil–təlim–məşğulluq–sənaye: şəbəkələşmə görüşü” tədbirində iştirak edib.

Tədbirin əsas məqsədi karyera ekosisteminin əsas tərəflərini bir araya gətirərək əmək bazarının çağırışlarına uyğun birgə həllərin formalaşdırılmasına, təhsil–məşğulluq–sənaye əməkdaşlığının gücləndirilməsinə və karyera inkişafı istiqamətində uğurlu təcrübələrin paylaşılmasına töhfə verməkdir. 

Açılış nitqində DMA-nin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib ki, müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması yalnız bütün tərəflərin sıx əməkdaşlığı ilə mümkündür. Onun sözlərinə görə, təhsil müəssisələri, işəgötürənlər, karyera xidmətləri və dövlət qurumları arasında qurulan dayanıqlı tərəfdaşlıq gənclərin əmək bazarına uğurlu inteqrasiyasında mühüm rol oynayır. 

Təhsil, insan kapitalının inkişafı və beynəlxalq sertifikatlaşdırma üzrə ekspert Emin Ağayev də, öz növbəsində, müasir dövrdə insan kapitalının keyfiyyətinin artırılmasının aktual çağırışlardan biri olduğunu bildirib. 

Tədbirdə dövlət və özəl sektorun insan resursları üzrə rəhbər şəxsləri və mütəxəssisləri ilə yanaşı, ali təhsil müəssisələrinin karyera mərkəzlərinin rəhbərləri, karyera planlaması və peşəyönümü sahəsində fəaliyyət göstərən müəllimlər, həmçinin sənaye və istehsalat müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində “Praktik bacarıqların inkişafı: nəzəri təlimdən tətbiqyönümlü hazırlığa keçid” mövzusunda panel müzakirəsi də təşkil olunub. Paneldə məşğulluq, ali təhsil, insan resursları və sənaye sektorlarının nümayəndələri insan kapitalının inkişafında tərəfdaşlığın rolu, əmək bazarının gözləntiləri və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Universitetimizin Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov tədbirin ilk panel sessiyasında spiker qismində çıxış edərək təhsil müəssisələri ilə sənaye sektoru arasında mövcud əməkdaşlıq imkanları, qarşıya çıxan çağırışlar və onların həlli istiqamətində təkliflərini iştirakçılarla bölüşüb. N.Xəlilov çıxışı zamanı əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı, tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsi, işəgötürənlərlə ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və məzunların məşğulluq imkanlarının artırılması məsələlərinə xüsusi diqqət yetirib.

Tədbir zamanı iştirakçıların interaktivliyini təmin etmək məqsədilə intellektual komanda oyunu, eləcə də, “Karyera həlləri vörkşopu” və təcrübə mübadiləsi sessiyaları keçirilib. Vörkşop zamanı iştirakçılar tələbələrin motivasiyasının artırılması, universitet–şirkət əməkdaşlığı modelləri, insan resursları üzrə mütəxəssislərin universitetlərdən gözləntiləri və süni intellektin karyera xidmətlərinə təsiri kimi mövzular üzrə qrup şəklində praktiki həllər hazırlayıblar. 

Tədbirin yekunu kimi karyera planlaması və peşəyönümü sahəsində uğurlu təcrübələr, iştirakçılar tərəfindən irəli sürülən təkliflər və sağlam tərəfdaşlığa töhfə verən tövsiyələr təhsil müəssisələrinin nümayəndələri, işəgötürənlər, insan resursları üzrə mütəxəssislər və sənaye təmsilçiləri arasında məhsuldar fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

BAAU əmək bazarının tələblərinə cavab verən, praktik bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində tərəfdaş qurumlarla əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi davam etdirir.

DİGƏR XƏBƏRLƏR