XƏBƏRLƏR

Universitetimizdə ABŞ-nin 250 illiyinə həsr olunmuş tədbir keçirilib

Universitetimizdə ABŞ-nin 250 illiyinə həsr olunmuş tədbir keçirilib
  • 02 Jun 2026

Bakı Avrasiya Universitetində (BAAU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) müstəqilliyinin 250 illik yubileyinə həsr olunmuş “Demokratiya, idarəetmə və qlobal perspektivlər” mövzusunda tədbir təşkil edilib. Tədbirdə BAAU-nun professor – müəllim heyəti və tələbələri, həmçinin ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndəsi Xanım Teilova və Fulbright Mütəxəssis Proqramı çərçivəsində universitetimizdə səfərdə olan Mərkəzi Florida Universitetinin professoru Naim Kapucu iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva qonaqları salamlayaraq, ABŞ və Azərbaycan arasında mövcud təhsil və akademik tərəfdaşlığın vəziyyəti, ortaq icra olunan təhsil proqramları və onların genişləndirilməsində bu qəbildən olan layihələrin xüsusi rolunu vurğulayıb. 

Daha sonra çıxış edən ABŞ səfirliyinin nümayəndəsi Xanım Teilova ABŞ-nin 250 illik dövlətçilik tarixi, keçdiyi demokratik inkişaf yolu və müasir beynəlxalq münasibətlər sistemindəki strateji mövqeyi barədə ətraflı məlumat verib.

Professor Naim Kapucu “Amerika: imkanlar ölkəsi – qlobal alimin təcrübəsi” mövzusunda geniş təqdimatla çıxış edib. O, ABŞ-nin ali təhsil sistemi, tədqiqatçılar üçün yaradılan akademik imkanlar və beynəlxalq elmi əməkdaşlığın prioritetlərindən bəhs edərək, gənc alimlərin qlobal elmi proseslərə inteqrasiyasının vacibliyini əsaslandırıb.

Müzakirələr çərçivəsində universitetin professor-müəllim heyətinin çıxışları da dinlənilib. BAAU-nun Ümumi fənlər kafedrasının dosent Jalə İsmayılova “Birləşmiş Ştatlar: demokratiya və qlobal liderlik tarixi” mövzusunda, Aygül Əhmədova “Amerika demokratiyasının təkamülü və beynəlxalq təsiri” mövzusunda və Ayşən Mustafazadə isə “Amerika təcrübəsi: demokratiya, konstitusional idarəetmə və qlobal liderlik” mövzusunda çıxış ediblər. 

İnteraktiv formatda davam edən tədbirin sonunda iştirakçıların və tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Tədbir iştirakçıların xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR