- 23 Jun 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarə edilməsi departamentinin təşkilatçılığı ilə xarici ali təhsil müəssisələrində akademik səfərlərdə, peşəkar təcrübə proqramlarında və beynəlxalq mübadilə fəaliyyətlərində iştirak etmiş universitet əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Tədbirdə universitetin Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Beynəlxalq əlaqələr və layihələrin idarə edilməsi departamentinin rəhbəri Aygül Əhmədova, həmçinin beynəlxalq proqramlarda iştirak etmiş akademik və inzibati heyət üzvləri iştirak ediblər.
Görüşün əsas məqsədi əməkdaşların beynəlxalq təcrübə proqramları çərçivəsində əldə etdikləri bilik və bacarıqların paylaşılması, xarici universitetlərdə tətbiq olunan müasir tədris və idarəetmə yanaşmalarının müzakirəsi, eləcə də həmin təcrübələrin universitetdə tətbiqi imkanlarının müəyyənləşdirilməsi olub.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva beynəlxalq akademik mobillik proqramlarının ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, bildirib ki, qlobal təhsil məkanında baş verən yeniliklərin və qabaqcıl təcrübələrin öyrənilməsi universitetlərin rəqabətqabiliyyətliliyinin artırılması, tədris və idarəetmə proseslərinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dosent Sevda Rzayeva beynəlxalq proqramlarda iştirak edən əməkdaşların əldə etdikləri təcrübələrin paylaşılmasının institusional inkişaf üçün vacib olduğunu qeyd edib.
Daha sonra çıxış edən Beynəlxalq əlaqələr və layihələrin idarə edilməsi departamentinin rəhbəri Aygül Əhmədova universitetin beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsində akademik mobillik və beynəlxalq əməkdaşlıq proqramlarının rolundan bəhs edib. O, vurğulayıb ki, xarici tərəfdaş ali təhsil müəssisələri ilə qurulan əlaqələr əməkdaşların peşəkar inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də universitetdə innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.
Görüş çərçivəsində müxtəlif ölkələrin ali təhsil müəssisələrində akademik səfərlərdə və peşəkar inkişaf proqramlarında iştirak etmiş əməkdaşlar təqdimatlarla çıxış edərək qazandıqları təcrübələri iştirakçılarla bölüşüblər. Təqdimatlar zamanı innovativ tədris metodları, rəqəmsal təhsil həlləri, ali təhsil idarəçiliyi modelləri, elmi-tədqiqat fəaliyyətinin təşkili, tələbə yönümlü yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə başa çatıb.




