- 15 Sep 2026
Bakı Avrasiya Universitetində (BAAU) 2026/2027-ci tədris ilinin başlanması və Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və respublikamızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov universitetə bu il qəbul olunmaları təbrik edib, onlara təhsillərində uğurlar arzu edib. O bildirib ki, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların tətbiqi əsas prioritetlərdəndir.
Dosent Səyavuş Qasımov bildirib ki, BAAU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi nəticələr həyata keçirilən fəaliyyətin mühüm göstəricilərindən biridir. “Universitetimiz Times Higher Education tərəfindən açıqlanan “Sustainability Impact Ratings 2026” reytinqində 801–1000-ci yerlər aralığında, “Keyfiyyətli təhsil” kateqoriyası üzrə isə 201–300-cü yerlər arasında qərarlaşıb”. Rektor vurğulayıb ki, tələbələrin elmi-tədqiqat fəaliyyətində, beynəlxalq mübadilə proqramlarında, tələbə klublarında və sosial layihələrdə iştirakına geniş imkanlar yaradılıb.
Rektor çıxışının sonunda ali təhsilin gənclərin peşəkar və şəxsi inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib, tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb.
Daha sonra Filologiya fakültəsinin dekanı dos. Salman Süleymanov və Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dos. Mütəllim Rəhimov çıxış edərək tələbələrə təhsildə müvəffəqiyyət və fəallıq arzulayıblar. Onlar fakültələrin yeni tədris planları və inkişaf perspektivləri barədə məlumat veriblər.
Tədbirin sonunda BAAU-nun Karyera və təlim mərkəzinin rəhbəri Natiq Xəlilov tələbələrə universitetin karyera dəstəyi imkanları, təlim proqramları, Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC), müxtəlif tələbə klubları, əmək bazarına inteqrasiya istiqamətində atılan addımlar və tələbələrə dəstək olacaq digər struktur bölmələr haqqında ətraflı məlumat verib.




