XƏBƏRLƏR

Universitetimizdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Universitetimizdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
  • 12 Jun 2026

Bakı Avrasiya Universitetində (BAAU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Bir millətin taleyini dəyişən tarix” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. 

Tədbirin açılışında çıxış edən BAAU-nun Elm işləri üzrə prorektoru, professor Gülzar İbrahimova Milli Qurtuluş Gününün Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və davamlı inkişaf strategiyasının formalaşmasına zəmin yaradıb.

Daha sonra Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova “Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və dövlətçilik prinsiplərinin inkişaf etdirilməsi istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib.

Ümumi fənlər kafedrasının dosenti Jalə İsmayılova “Milli Qurtuluşdan Güclü Dövlətə” mövzusunda çıxış edərək Milli Qurtuluş Günündən sonra Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurları diqqətə çatdırıb.

Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial iş ixtisasının tələbəsi Nigar Orucova isə “Dövlətçilik yolumuzun dönüş nöqtəsi” mövzusunda çıxışında Milli Qurtuluş Gününün gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında, eləcə də dövlətçilik dəyərlərinin təbliğində mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin müasir Azərbaycanın inkişafında mühüm rol oynadığını bildiriblər.

DİGƏR XƏBƏRLƏR