- 05 Jun 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmləri doktoru, professor Elmira Məmmədova-Kekeçin müəllifi olduğu “Müqayisəli ədəbiyyatşünaslıq” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin Filologiya fakültəsinin professor-müəllim heyəti, tələbələr, həmçinin qonaq qismində Azərbaycan Dillər Universitetinin əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Gilə Hüseynli və filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Əliyeva iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kitabxana-informasiya mərkəzinin müdiri Məlahət Əliyeva nəşrin elmi-pedaqoji əhəmiyyətindən və müasir filologiya təhsilində oynadığı roldan bəhs edib.
Tədbirdə çıxış edən qonaqlar və universitetin professor-müəllim heyəti dərs vəsaitinin müqayisəli ədəbiyyatşünaslıq sahəsində mühüm elmi mənbə olduğunu vurğulayaraq, onun tələbələr, magistrantlar və tədqiqatçılar üçün dəyərli vəsait kimi əhəmiyyətini qeyd ediblər.
Tədbirin sonunda professor Elmira Məmmədova-Kekeç çıxış edərək təqdimatda iştirak edən qonaqlara və universitet kollektivinə təşəkkürünü bildirib, nəşrin hazırlanma prosesi və elmi məzmunu haqqında ətraflı məlumat verib.
Təqdimat iştirakçıların müəlliflə fikir mübadiləsi aparması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.




