XƏBƏRLƏR

Universitetimizdə “Proqramçı olmaq istəyirəm” kitabının təqdimatı keçirilib

Universitetimizdə “Proqramçı olmaq istəyirəm” kitabının təqdimatı keçirilib
  • 26 May 2026

Bakı Avrasiya Universitetində (BAAU) Riyaziyyat və İKT kafedrasının müəllimi, informasiya texnologiyaları üzrə mütəxəssis Kərim Tahiroğlunun müəllifi olduğu “Proqramçı olmaq istəyirəm” kitabının təqdimat mərasimi keçirilib. Universitetin Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə BAAU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsinə maraq göstərən iştirakçılar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Kitabxana-informasiya mərkəzinin müdiri Məlahət Əliyeva informasiya texnologiyalarının müasir dövrdə strateji əhəmiyyətindən, rəqəmsal transformasiya prosesində proqramlaşdırma biliklərinin rolundan və bu sahədə Azərbaycan dilində nəşr olunan metodik vəsaitlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra müəllif Kərim Tahiroğlu kitabın hazırlanma məqsədi, strukturu və əsas məzmun istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, nəşr proqramlaşdırma sahəsində ilkin biliklər əldə etmək istəyən gənclər üçün nəzərdə tutulub və onların peşə seçimi, karyera planlaması, həmçinin müasir texnologiyalar sahəsində inkişaf perspektivləri barədə məlumatlandırılmasına xidmət edir.

Təqdimat çərçivəsində proqramlaşdırma təhsilinin aktual məsələləri, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda İKT mütəxəssislərinin qarşısında duran yeni vəzifələr və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçıları maraqlandıran suallar müəllif tərəfindən cavablandırılıb, mövzu üzrə geniş müzakirələr keçirilib.

Tədbirin sonunda müəllif tərəfindən kitabın imzalanması mərasimi təşkil olunub, iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, “Proqramçı olmaq istəyirəm” kitabı proqramlaşdırma sahəsinə maraq göstərən gənclərin məlumatlandırılması, onların peşə yönümünün formalaşdırılması və informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına dəstək məqsədilə hazırlanıb.

DİGƏR XƏBƏRLƏR