XƏBƏRLƏR

Universitetimizin nümayəndəsi Orhun Mübadilə Proqramına həsr olunmuş məlumatlandırıcı görüşdə iştirak edib

Universitetimizin nümayəndəsi Orhun Mübadilə Proqramına həsr olunmuş məlumatlandırıcı görüşdə iştirak edib
  • 18 Jun 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova Qırğız-Türk Manas Universitetinin təşəbbüsü ilə Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun Mübadilə Proqramına dair onlayn məlumatlandırıcı görüşdə iştirak edib. Görüşdə proqramda iştirak etməkdə maraqlı olan tərəfdaş ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi Orhun Mübadilə Proqramının təqdim etdiyi imkanlar, iştirak şərtləri, müraciət mexanizmləri və proqram çərçivəsində həyata keçirilən tələbə-müəllim mobilliyi barədə iştirakçıların ətraflı məlumatlandırılması olub. Tədbir zamanı proqramın məqsədləri, üstünlükləri, seçim meyarları, akademik fəaliyyət perspektivləri, kreditlərin tanınması mexanizmləri və tərəfdaş universitetlər arasında əməkdaşlıq imkanları geniş şəkildə təqdim edilib.

Qırğız-Türk Manas Universitetinin rəhbərliyi çıxışlarında Orhun Mübadilə Proqramının türk dünyasının ali təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və ortaq elmi-tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, proqram iştirakçılara müxtəlif ölkələrin təhsil sistemləri ilə yaxından tanış olmaq, yeni akademik və mədəni təcrübələr qazanmaq, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrini möhkəmləndirmək imkanı yaradır.

Məlumatlandırıcı görüş çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, proqramın tətbiqi və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.

Görüşün sonunda Orhun Mübadilə Proqramının türk dünyası universitetləri arasında akademik inteqrasiyanın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və ali təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində mühüm platforma olduğu qeyd edilib.

İştirakçılar bu kimi məlumatlandırıcı görüşlərin mütəmadi keçirilməsinin universitetlər arasında əlaqələrin daha da möhkəmlənməsinə və proqramın effektivliyinin artırılmasına xidmət etdiyini vurğulayıblar.

Universitetimizin nümayəndəsi Orhun Mübadilə Proqramına həsr olunmuş məlumatlandırıcı görüşdə iştirak edib

DİGƏR XƏBƏRLƏR