XƏBƏRLƏR

Universitetimizin tələbələri beynəlxalq gənclər forumunda iştirak ediblər

Universitetimizin tələbələri beynəlxalq gənclər forumunda iştirak ediblər
  • 01 May 2026

Bakı Avrasiya Universitetinin (BAAU) tələbələri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq gənclər forumunda iştirak ediblər.

Forumda BAAU-nun Əcnəbi tələbələrlə iş mərkəzinin mütəxəssisi Ülvi Həsənov, universitetin əcnəbi magistrantı Ahmed Sohail, həmçinin bakalavr tələbələri Mokwenyei Charles Patrick, Ukwa Ekene Emmanuel və Zayd Abdullah Rizwan da iştirak ediblər.

Forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq və səhiyyə sahələri üzrə mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, siyasi və ictimai təşkilatların təmsilçiləri, eləcə də müxtəlif ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

Forumun əsas məqsədi post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi, kolonializm və neokolonializmin yaratdığı çağırışlara qarşı gənc nəslin fəal mövqeyinin formalaşdırılması, habelə dekolonizasiya proseslərində gənclərin iştirak imkanlarının müzakirə edilməsi olub. Tədbir çərçivəsində müstəmləkə siyasətinin nəticələri, BMT-nin dekolonizasiya siyahısında olan ərazilərin azad olunması, ədalətli və inklüziv postkolonial dünya nizamının formalaşdırılması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Proqram çərçivəsində iştirakçılar siyasi, sosial və humanitar mövzular üzrə təqdimatlarla çıxış edib, müasir beynəlxalq münasibətlər sistemində gənclərin rolu, qlobal təhlükəsizlik, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər. Forum zamanı BAAU-nun bakalavr tələbəsi Mokwenyei Charles Patrick “Ədalətli postkolonial gələcəyin qurulmasında gənclərin rolu” mövzusunda çıxış edib.

Forum zamanı professor Murat Özkalelinin moderatorluğu ilə keçirilən interaktiv sessiyada isə süni intellektin inkişafının beynəlxalq münasibətlərə və qlobal təhlükəsizliyə təsiri, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı məsələlər diqqət mərkəzində olub. Sessiya çərçivəsində Ahmed Sohail, Mokwenyei Charles Patrick, Ukwa Ekene Emmanuel və Zayd Abdullah Rizwan süni intellektin beynəlxalq münasibətlərə və qlobal təhlükəsizliyə təsiri ilə bağlı suallar ünvanlayıb və müzakirələrdə fəal iştirak ediblər.

Tədbirdə BMT-nin Gənclər Ofisi tərəfindən də dəstək videomüraciəti təqdim olunub. Forumun yekununda gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək məqsədilə Qlobal Cənub ölkələrinin Gənclər Platformasının yaradıldığı elan edilib. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, bu platforma dekolonizasiya uğrunda mübarizədə gənclərin səsinin daha geniş beynəlxalq müstəvidə eşidilməsinə imkan yaradacaq.

DİGƏR XƏBƏRLƏR