- 24 Oct 2024
İlk dəfə Niğde Ömər Halisdemir Universitetinin ev sahibliyi ilə təşkil olunan Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu müxtəlif vaxtlarda Niğde (2014; 2017; 2020; 2021; 2022), Almatı (2015; 2018; 2023 Qazax Dövlət Qızlar Pedaqoji Universiteti) və Bakıda (2016; 2019; 2023 Bakı Avrasiya Universiteti) təşkil olunmuşdur. Növbəti XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universiteti, Qazax Qızlar Milli Pedaqoji Universiteti və Niğde Ömer Halisdemir Universitetinin birgə təşkilatçılığı ilə 21-23 may 2025-ci ildə Niğde şəhərində keçiriləcəkdir.
XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun əsas mövzusu “Türk dövlətləri arasında ali təhsil sahəsində əməkdaşlıq” olaraq müəyyən edilib. Simpoziumun əsas məqsədi Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir yerə toplamaqla dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, beynəlxalq əlaqələr, idarəetmə, iqtisadiyyat, fəlsəfə, sosiologiya, turizm və s. sahələrdə aktual məsələlərin müzakirə edilməsi və ortaq layihələrin hazırlanmasıdır.
Ənənəvi olaraq simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.
Simpozium haqqında ətraflı məlumatı təqdim olunan saytdan (www.utudas.org) əldə edə bilərsiniz.