Xəbərlər

BAAU-nun müəllimi Özbəkistanın İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin tələbələrinə mühazirə keçib

BAAU-nun müəllimi Özbəkistanın İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin tələbələrinə mühazirə keçib
  • 19 Jan 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müəllimi Ayşən Mustafazadə “Azərbaycan İpək Yolu Məkanında: Mədəni İrsin Müasir Turizm Modelində Rolu” mövzusunda İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin tələbələrinə onlayn formatda mühazirə keçib. Sözügedən mühazirə iki universitet arasında ötən illərdə qurulmuş əməkdaşlıq çərçivəsində təşkil olunub.

Mühazirə universitetin prorektoru, professor Toni Zounun açılış nitqi ilə başlayıb. Açılış nitqindən sonra BAAU-nun müəllimi Ayşən Mustafazadə mühazirəyə başlamadan öncə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar müəllim və tələbələrə məlumat verib. O, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsində mühüm tarixi mərhələ olduğunu və bu faciənin sovet imperiyasının əsl mahiyyətini bütün dünyaya nümayiş etdirdiyini tələbələrə çatdırıb. Ayşən Mustafazadə çıxışına “Azərbaycan İpək Yolu Məkanında: Mədəni İrsin Müasir Turizm Modelində Rolu” mövzusu ilə davam edib. O, çıxışı zamanı Azərbaycanın İpək Yolunda tarixi rolundan bəhs edərək, ölkənin Şərqlə Qərb arasında mədəni, iqtisadi və sivilizasiya körpüsü kimi mühüm mövqeyə malik olduğunu qeyd edib. O, Azərbaycanın tarixi şəhərlərinin və zəngin mədəni irs nümunələrinin müasir turizmin inkişafında strateji resurs kimi çıxış etdiyini vurğulayıb. BAAU-nun müəllimi çıxışında həmçinin müasir turizm yanaşmaları, rəqəmsal transformasiya, ağıllı turizm modelləri və mədəni irsin qorunması məsələləri haqqında da ətraflı məlumat verib. O, qeyd edilib ki, Azərbaycan İpək Yolunun tarixi irsini müasir, dayanıqlı və innovativ turizm modeli ilə birləşdirərək beynəlxalq turizm məkanında mövqeyini daha da möhkəmləndirir.

Məruzənin mühüm istiqamətlərindən biri regional əməkdaşlıq, birgə turizm marşrutları, akademik tərəfdaşlıqlar və mədəni mübadilə proqramları olub. Bu kontekstdə Ayşən Mustafazadə BAAU-nun beynəlxalq əməkdaşlıq sahəsində fəal mövqeyini xüsusi olaraq diqqətə çatdırıb. O, bildirilib ki, BAAU bir sıra xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək təhsil, elmi tədqiqat və mədəni mübadilə sahələrində əlaqələrini davamlı şəkildə genişləndirir. Universitetdə bir neçə beynəlxalq mübadilə, ikili diplom proqramları və fərqli layihələr icra olunur ki, bunlar da İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin tələbələri üçün maraqlı ola bilər. Sözügedən proqramlar çərçivəsində tələbələr xarici universitetlərdə təhsil almaq, akademik heyət isə beynəlxalq təcrübə mübadiləsi aparmaq imkanı əldə edir.

Çıxış zamanı o da vurğulanıb ki, bu cür beynəlxalq mübadilə proqramları universitetlər arasında elmi biliklərin paylaşılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və mədəni diplomatiyanın gücləndirilməsinə mühüm töhfə verir. Qeyd olunub ki, universitetlər İpək Yolu məkanında yalnız təhsil müəssisələri deyil, eyni zamanda elmi tədqiqat mərkəzləri və mədəniyyətlərarası dialoqun əsas platformaları kimi çıxış edirlər.

Sonda Ayşən Mustafazadə Azərbaycanın mədəni irs, müasir turizm və rəqəmsal innovasiyaların sintezi əsasında gələcəyə yönəlmiş dayanıqlı inkişaf modelini uğurla formalaşdırdığını qeyd edib və müəllim-tələbə heyətinin suallarını cavablandırıb.

Digər Xəbərlər