- 27 Oct 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrası ilə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının bir qrup professor-müəllim heyəti orta məktəblərlə əməkdaşlıq çərçivəsində 27 oktyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasında ziyarətdə olub. Tədbirdə gimnaziyanın direktoru İlqar Talıbov, təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Hacıyeva, Azərbaycn dili və ədəbiyyat müəllimi Vəfa Hacıbəyova, bir qrup 9 və 10-cu sinif şagirdləri iştirak edib.
Görüşün əsas məqsədi Azərbaycan Respublikasının prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində imzaladığı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını rəhbər tutaraq, I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində keçirilən elmi-maarifləndirici proqramda iştirak etmək, şagirdlərdə dilçilik, ədəbiyyatşünaslıq və türkologiya sahələrinə marağı artırmaq olub.
Tədbiri giriş sözü ilə gimnaziyanın direktoru İlqar Talıbov açaraq, orta ümumtəhsil məktəbi ilə ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulmasının təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və onların gələcək peşə seçimlərinin düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulanıb.
Daha sonra Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəyli BAAU-nun rektoru siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Səyavuş Qasımovun salamlarını çatdırdıqdan sonra orta məktəblərlə əməkdaşlıq çərçivəsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, həmçinin Universitetin yaranma tarixindən, fəaliyyət istiqamətindən, universitetin təsisçisi professor Nazim Hüseynlinin rəhbərliyi altında fəaliyyət göstərən Türkoloji araşdırmalar mərkəzinin gördüyü işlərdən geniş söz açıb. Bundan başqa, Z. Rüstəmbəyli Bakıda keçirilmiş I Bakı Türkoloji Qurultayı türk xalqlarının dil, əlifba, yazı mədəniyyəti və ortaq elmi problemlərinin müzakirəsi baxımından mühüm tarixi hadisə olmuğundan bəhs edib.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri filologiya üzrə elmlər doktoru, professor Elmira Məmmədova-Kekeç isə Türkoloji Qurultayın ədəbi-mədəni bir hadisə olmasından, vacibliyindən, orada iştirak etmiş alimlərin sonrakı illərdə repressiya qurbanı olmasından, ümumiyyətlə bu gün, qurultayın 100 illiyi ərəfəsində onun elmi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının xüsusi əhəmiyyət daşımasından bəhs edib.
Daha sonra isə Nəzəri dilçilik və türk dilləri kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Turanə Zeynalova və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Günel Şıxəliyeva “Tarixdən gələcəyə: Türkoloji Qurultayın 100 illik yolu” adlı məruzə ilə çıxış etmişlər. Çıxışlar zamanı Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının dil və mədəniyyət birliyində oynadığı rol, həmçinin müasir dilçilik və ədəbiyyatşünaslıq məsələləri geniş işıqlandırılıb.
Əvvəllər də əməkdaşlıq çərçivəsində universitetdə təşkil olunmuş ekskursiyalarda və tədbirlərdə iştirak etmiş gimnaziyanın fəal şagirdləri unudulmaz xatirələrini bölüşüblər. Məruzələrdən sonra keçirilən sual-cavab sessiyasında 9-cu və 10-cu sinif şagirdləri fəal iştirak edərək maraqlandıqları sualları ünvanlamış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda fəallığı ilə fərqlənən şagirdlərə BAAU tərəfindən xüsusi hədiyyələr, kitablar təqdim olunub.
Gimnaziya rəhbərliyi və BAAU-nun nümayəndələri belə görüşlərin şagirdlərin gələcək ixtisas seçimində və dünyagörüşünün formalaşmasında böyük rola malik olduğunu vurğulayıb, əməkdaşlığın davamlı olması və bu formatda görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildiriblər. Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.




