- 28 Oct 2026
Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi “Professor Nazim Hüseynli adına tələbə təqaüdü”nə layiq görülən tələbələrlə görüşüb.
Təqaüdə Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tələbəsi Gülnarə Xəlilli və Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbəsi Lamiyə Əsədzadə layiq görülüblər.
Görüşdə BAAU-nun təsisçilər şurasının sədri, professor Nazim Hüseynli, universitetin rektoru, dosent Səyavuş Qasımov, tədris işləri üzrə prorektor, dosent Nigar Hüseynova, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov, Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov və rektorun müşaviri Şəfahət Əliyev iştirak ediblər.
Professor Nazim Hüseynli tələbələri əldə etdikləri yüksək akademik nəticələr münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, təhsildə uğur qazanmağın davamlı zəhmət, məsuliyyət və məqsədyönlü fəaliyyət tələb etdiyini bildirib, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Universitetin rektoru, dosent Səyavuş Qasımov çıxışında professor Nazim Hüseynlinin BAAU-nun yaradılması və inkişafındakı xidmətlərini xüsusi qeyd edib. Rektor onun adına təsis edilən təqaüdün yüksək akademik nəticələr göstərən tələbələrin əməyinin qiymətləndirilməsi ilə yanaşı, gənclərin təhsilə marağının və uğur qazanmaq motivasiyasının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, bu təşəbbüsün universitetdə akademik mükəmməlliyin təşviqinə və istedadlı tələbələrin dəstəklənməsinə xidmət etdiyini vurğulayaraq, tələbələrin nailiyyətlərinin qiymətləndirilməsinin və onların inkişafı üçün əlverişli mühitin yaradılmasının BAAU-nun əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən digər iştirakçılar da tələbələri təbrik edərək onların qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, gələcək təhsil və peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar.
Təqaüdə layiq görülən Gülnarə Xəlilli və Lamiyə Əsədzadə göstərilən diqqətə və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda professor Nazim Hüseynli təqaüdə layiq görülən tələbələrə təltifnamələri təqdim edib.
Qeyd edək ki, BAAU-da təsis edilmiş “Professor Nazim Hüseynli adına tələbə təqaüdü” yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrin mükafatlandırılması, onların təhsil uğurlarının təşviqi və akademik potensialının inkişafının dəstəklənməsi məqsədi daşıyır.




