- 20 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektorunun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda vebinar təşkil olunub. Vebinarın əsas məqsədi universitetdə elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, tədqiqat potensialının gücləndirilməsi, eləcə də gənc alim və müəllim heyətinin beynəlxalq elmi platformalarda fəallığının artırılması istiqamətində maarifləndirmə və təcrübə mübadiləsinin aparılması olub.
Vebinarı giriş sözü ilə Elm, innovasiya və doktorantura sektorunun müdiri, h.ü.f.d. Vüsalə Həsənova açaraq tədbirin əhəmiyyətindən danışıb. O, universitetdə elmi mühitin daha da inkişaf etdirilməsi, akademik fəaliyyətin sistemli şəkildə təşkili və tədqiqatların nəticəyönümlülüyünün artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanasının Kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva çıxış edərək elmi informasiya resurslarından səmərəli istifadə, beynəlxalq elmi bazalarla işləmə qaydaları, elmi nəşrlərin düzgün seçimi və sitatgətirmə indekslərinin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat təqdim edib. O, həmçinin tədqiqatçıların elmi fəaliyyətində akademik dürüstlük prinsiplərinin qorunmasının vacibliyini xüsusi vurğulayıb.
Vebinarın sonunda Antiplagiat proqramı üzrə mütəxəssis, Strike Plagiarism şirkətinin biznesin inkişafı üzrə meneceri Fəridə Rzayeva çıxış edib. O, plagiat anlayışı, akademik etik qaydalar, elmi işlərin yoxlanılması mexanizmləri və müasir antiplagiat sistemlərinin tətbiqi imkanları barədə geniş təqdimatla çıxış edərək iştirakçıların suallarını cavablandırıb.
Vebinar çərçivəsində iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, aktual məsələlər ətrafında müzakirələr təşkil olunub və elmi-tədqiqat fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində praktiki tövsiyələr səsləndirilib.




