İnzibati vəzifələr üzrə vakansiyalar Universitetin rəsmi internet səhifəsinin (www.baau.edu.az) Cari vakansiyalar bölməsində elan edilir.
Kafedra müdiri, fakültə dekanı və professor-müəllim vəzifələrini tutmaq üçün Universitet tərəfindən kütləvi informasiya vasitələrində və rəsmi internet səhifəsində (www.baau.edu.az) müsabiqə elan edilir. Kafedra müdiri və dekan vəzifələrinə işə qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” na əsasən müsabiqə yolu ilə həyata keçirilir. Professor-müəllim vəzifələrinə işə qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmrinə “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq aparılır.
Elan edilmiş vakansiyalarda iştirak etmək istəyən namizədlər elektron işə qəbul ərizəsini doldurmaqla işə qəbul üçün müraciət edir.
Kafedra müdiri vəzifəsi üçün elan edilmiş müsabiqədə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
Dekan vəzifəsi üçün elan edilmiş müsabiqədə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar və elmlər doktorları, dosent vəzifəsi tutmaq üçün müsabiqədə isə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər.
Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müəllim vəzifəsinə müsabiqədə elmi-pedaqoji ve ya ixtisası üzrə ən azı bir il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər. Bu vəzifələrə eyni zamanda əyani aspiranturanı, assisentura stajkeçməni müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş və elmi-tədqiqat işinə meyli olan mütəxəssislər (magistrlər) həmçinin stajor müəllimlər təyinatla 3 ildən çox olmayan müddətə təyin edilə bilərlər. Həmin müddət bitdikdən sonra göstərilən vəzifələr bu əsasnaməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur.
İşə qəbul üzrə müsabiqə inzibati vəzifələrin tutulması üzrə (kafedra müdiri və fakültə dekanı vəzifələri daxil olmaqla) 3 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, müsahibə və test imtahanı), professor-müəllim vəzifələrinin tutulması üçün 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, müsahibə, test imtahanı və müəllimin dərs təqdimatı) təşkil edilir.
Namizədin ərizəsi daxil olduğu tarixdən 5 gün müddətində baxılır və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi aparılır, ərizə qəbul edildiyi halda, namizədin elektron poçt ünvanına müsahibə vaxtı barədə bildiriş göndərilir.
Müsahibə Universitetin İşə Qəbul Komissiyası tərəfindən aparılır. Müsahibədən keçən namizədlər növbəti mərhələyə buraxılır. Namizədin vəzifəyə uyğunluqu müsahibə mərhələsində tam müəyyən edildiyi müəyyən müstəsna hallarda (professor-müəllim vəzifələri üzrə dərs təqdimatı istisna edilməklə) Komissiya tərəfindən hər hansı növbəti mərhələnin təxirə salınması barədə qərar qəbul edilə bilər.
Vakansiyada iştirak edən namizədlərin vəzifəyə uyğunluq dərəcəsi Universitetin İşə qəbul üzrə Müsahibə Komissiyası tərəfindən 4 səviyyədə: a) ümumi dünyagörüşü; b) ixtisas uyğunluğu; c) bilik səviyyəsi və peşə hazırlığı; d) şəxsi keyfiyyətlər yoxlanılmaqla qiymətləndirilir.
Ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri əsasında qiymətləndirilir.
İxtisas uyğunluğu namizədin müvafiq sahə üzrə təhsilini, elmi dərəcə və elmi adını təsdiq edən sənədlər əsasında (diplom, attestat) əsasında qiymətləndirilir.
Bilik səviyyəsi və peşə hazırlığı – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri, nəzəri və qanunvericilik biliklərini tətbiqetmə, informasiya texnologiyalarından istifadə bacarığı, xarici dil bilikləri (tələb olunduqda), ixtisasartırma, təlim və sertifikasiya sahəsində qazandığı nailiyyətlər əsasında qiymətləndirilir.
Vakant vəzifə üçün zəruri şəxsi keyfiyyətlər – namizədin ümumi mədəni-etik səviyyəsi, emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları əsasında qiymətləndirilir.
Vəzifəyə uyğunluğu təsdiq edilmiş namizədin elektron ünvanına bu barədə bildiriş göndərilir. Bildiriş aldıqdan ən geci 3 (üç) gün müddətində namizəd aşağıdakı sənədləri Universitetin İcra aparatına təqdim etməlidir:
İnzibati (fəhlə peşələri istisna edilməklə) və professor-müəllim vəzifələri üçün |
|
1 |
İşə qəbul haqqında ərizə (Universitetin ərizə blankınıda) |
2 |
Kadrlar uçotunun şəxsi vərəqəsi |
3 |
Tərcümeyi-hal |
4 |
Şəxsiyyət vəsiqəsinin surəti |
5 |
Sağlamlıq haqqında arayış |
6 |
Peyvənd sertifikatının (İmmunitet, yaxud əks göstəriş sertifikatı olduqda isə həmin sənədlərin) surəti |
7 |
3x4 ölçüdə 4 ədəd fotoşəkil |
8 |
Ali təhsil haqqında sənədin (bakalavr və magistr təhsili olduqda hər biri üzrə diplom və diplom əlavəsi) notariat qaydasında təsdiq olunmuş surəti Qeyd: Xaricdə təhsil alanların diplomu ilə birlikdə Azərbaycan dilinə tərcüməsinin notariat qaydasında təsdiq edilmiş surət və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xarici dövlətlərin ali təhsilə aid kvalifkasiyalarının tanınmasına dair verilmiş sənədin (nostrifikasiya) notariat qaydasında təsdiq edilmiş surəti əlavə olunmalıdır (keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin ali təhsil müəssisələri tərəfindən 1991-1992-ci tədris ili və ondan əvvəlki illərdə verilmiş təhsil sənədlərinə münasibətdə kvalifikasiyaların tanınması tələb edilmir) |
9 |
Elmi dərəcə haqqında sənədlərin notariat qaydasında təsdiq olunnuş surəti (elmi dərəcəsi olanlara aiddir) Qeyd: Elmi dərəcəsini xaricdə alanlar elmi dərəcə haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması barədə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən verilmiş sənədin surətini əlavə etməlidir (01.02.1994-cü il tarixinə qədər elmi dərəcəsini keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə alan şəxslərin elmi dərəcə haqqında sənədinin nostrifikasiyası və ya təkrar attestasiyası əsasında tanınması barədə sənəd tələb edilmir) |
10 |
Elmi adları haqqında sənədlərin notariat qaydasında təsdiq olunnuş surəti (elmi adı olanlara aiddir) Qeyd: Elmi adını xaricdə alanlar elmi ad haqqında sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması barədə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən verilmiş sənədin surətini əlavə etməlidir (01.02.1994-cü il tarixinə qədər elmi adını keçmiş SSRİ-nin tərkibində olan dövlətlərdə alan şəxslərin elmi ad haqqında sənədinin nostrifikasiya və ya təkrar attestasiya əsasında tanınması barədə sənəd tələb edilmir) |
11 |
Dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı |
12 |
Əmək kitabçası (saathesabı işləyənlər üçün bu barədə arayış təqdim edir) Qeyd: Əvəzçilik və saathesabı qaydada işə qəbul olunduqda əsas iş yeri tərəfindən hazırda tutduğu vəzifə qeyd olunmqala təsdiq olunmuş surəti tələb olunur. |
13 |
Əvəzçiliklə və saathesabı qaydada işə qəbul olunduqda əsas iş yerinin razılıq məktubu |
14 |
Hərbi biletin surəti (kişilərə aiddir) Qeyd: Əvəzçilik və saathesabı qaydada işə qəbul olunduqda tələb olunmur |
15 |
Yaşayış yerindən arayış |
16 |
Şəxsiyyətini təsdiq edən sənəddə və təqdim etdiyi digər sənədlərdə göstərilmiş soyad, ad və ata adında fərq olduqda bu barədə müvafiq təsdiqedici arayış |
Qeyd: 1. Fəhlə peşələrinə işə qəbul olunanlardan 1-7, 12, 14-16-cı bölmədəki sənədlər, həmçinin 8-ci bölmədə ali təhsil haqqında sənəd əvəzinə bitirdiyi təhsilin səviyyəsinə (ali, orta ixtisas, peşə, orta) uyğun təhsil haqqında sənəd tələb olunur. Sürücü işinə qəbul olunanlar sürücülük vəsiqəsinin surətini əlavə etməlidir. Qeyd 2. İşə qəbul olunanlar mükafat və təltifləri, əldə etdikləri təcrübə və nailiyyətləri, həmçinin ixtisasının artırılması ilə bağlı digər sənədlərin surətini (diplom, sertifikat və s.) öz istəklərinə uyğun olaraq təqdim edə bilərlər.