Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyini yeni bərpa etdiyi ilk dövrlərdə diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşəkar kadrlara kəskin tələbatın qarşılanması zərurətindən yaranmış təhsil müəssisəsinin əsas məqsədi çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnmiş, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar hazırlamaq, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi.
1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni Universitetin tarixində tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, məhz bu dövrdə təhsil müəssisəsində respublikamız üçün tamamilə yeni olan sahələr: diplomatiya, xarici siyasət və Azərbaycanşünaslığa dair fundamental və tətbiqi problemlər araşdırılmış, müvafiq sahələr üzrə elmi nəşrlərin hazırlanması, həmçinin informasiya sisteminin təşkil istiqamətində mühüm işlər həyata keçirilmişdir.
Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə "Beynəlxalq münasibətlər", "Diplomatiya", "İqtisadiyyat və idarəetmə", "Beynəlxalq hüquq", "Jurnalistika", "Beynəlxalq jurnalistika", "Dilşünaslıq", "Sinxron tərcümə", "İngilis dili tərcüməçiliyi", "Sosiologiya", "Politologiya" ixtisasları üzrə kadr hazırlığına icazə verilmiş və tələbə qəbulunun test üsulu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyə edilmişdir.
Təhsil müəssisəsi Azərbaycan Respublikası Prezidentinin 24.09.1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.1996-cı il tarixli 22 saylı qərarı ilə bakalavr pilləsində “Sinxron tərcümə”, “Diplomatiya” və “Beynəlxalq əlaqələr” ixtisasları üzrə kadr hazırlığı aparan qeyri-dövlət ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Təhsil müəssisəsi 2005-ci il 30 iyun tarixədək Ali Diplomatiya Kolleci adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi rəyi əsasında Azərbaycan hökumətinin qərarı ilə təhsil müəssisəsinin adı 2005-ci il 30 iyun tarixindən dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılmışdır.
2006-cı il 26 may tarixindən etibarən təhsil müəssisəsinin adı yenidən dəyişdirilərək Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda ali təhsil ocağı Bakı Avrasiya Universiteti kimi fəaliyyət göstərir.
Bakı Avrasiya Universitetinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirinin 2007-ci il 04 iyul tarixli 822 nömrəli əmri ilə 5 (beş) il müddətinə xüsusi razılıq (lisenziya) verilmiş, 2012-ci il 10 iyul tarixli 1298 nömrəli əmri ilə lisenziyanın qüvvədəolma müddəti növbəti 5 (beş) il müddətinə uzadılmışdır. 2017-ci il 31 may tarixindən Universitetə ali təhsil müəssisələri fəaliyyətini həyata keçirmək üçün müddətdiz xüsusi lisenziya verilmişdir.
Təhsil Nazirinin 23 aprel 2011-ci il tarixli 668 nömrəli əmri ilə yaradılmış akkreditasiya komissiyasının rəyi əsasında 2011-ci il 30 sentyabr tarixli 1587 nömrəli əmrlə Univerisitet 5 (beş) il müddətinə akkreditə olunmuşdur. 2018-ci il 20 iyul tarixindən Universitet növbəti müddət (2017-2022) üçün akkreditasiyadan keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 yanvar tarixli 24573 №-li razılıq məktubu əsasında Azərbaycan Respublikası Təhsil Nazirınin 1999-cu il 14 may tarixli 11/346 №-li əmri ilə Universitetdə magistratura yaradılmışdır.
2019/2020-ci tədris ilindən İtaliya Respublikasının Genuya Universiteti ilə birgə proqram əsasında “Turizmin iqtisadiyyatı” ixtisaslaşması üzrə ikili diplom layihəsi həyata keçirilir. Həmin tədris ilindən həmçinin MBA proqramı fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 188 saylı qərarı ilə Bakı Avrasiya Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura yaradılmışdır.
Xüsusi vurğulamaq lazımdır ki, bir sıra istiqamət və ixtisaslar üzrə respublikamızda ilk dəfə olaraq kadr hazırlığının aparılması məhz Ali Diplomatiya Kollecinin adı ilə bağlıdır. Bu sırada beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, beynəlxalq iqtisadi münasibətlər, sinxron tərcümə (ingilis, alman, fransız, ərəb, türk), regionşünaslıq (ABŞ və Kanada; Avropa ölkələri, Yaxın və Orta Şərq ölkələri, Uzaq Şərq ölkələri) kimi ixtisasları qeyd etmək olar.
Yarandığı gündən etibarən Universitetdə ənənəvi streotiplərdən uzaq, demokratikliyi və özünəməxsusluğu ilə seçilən tədris prosesinin təşkili və idarəedilməsi həyata keçirilirdi. Hazırlanmış təhsil proqramlarının orijinallığı, beynəlxalq və milli əmək bazarının tələblərinə yüksək səviyyədə cavab verməsi nəticəsində respublikamızda özəl təhsil sektoruna ictimai münasibətin hələ tam aydınlaşmadığı bir dövrdə belə abituriyentlərin təhsil almaq istəyi ilə üz tutduğu ali məktəblər sırasında Ali Diplomatiya Kolleci həlledici yerdə qərarlaşmışdı. Universitet bu gün də öz statusunu və imicini lazımi səviyyədə saxlamaqdadır.
Keçən müddət ərzində Universitetin kadr hazırlığı strukturu əmək bazarının tələblərinə uyğun olaraq dinamik inkişaf etmiş, təkmilləşmişdir, hazırda bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamız üçün əhəmiyyətli olan yeni-yeni sahələr üzrə kadr hazırlığı aparılır. Tədris prosesinə ölkəmizin elmi-pedaqoji ictimaiyyətinin qabaqcıl nümayəndələri cəlb olunmuşdur.
Universitet hazırda 4 beynəlxalq təşkilatın üzvüdür, dünyanın 70-dən çox nüfuzlu təhsil ocağı, elm mərkəzləri ilə təcrübə, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrinə malikdir.
Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Ziyad oğlu Hüseynlidir. O, 1992-ci ildən Universitetin fəaliyyətinə rəhbərlik edir.