- 12 Apr 2025
Bakı Avrasiya Universitetində (BAAU) “TələbəPlus” layihəsi çərçivəsində “Bakcell” MMC-nin “Tələbələrə özəl 5 GB hədiyyə!” kampaniyası ilə bağlı infosessiya keçirilib. Universitetin konfrans zalında keçirilən infosessiyada BAAU-nun bir qrup əməkdaşı və tələbələr iştirak ediblər.
İnfosessiyanı giriş nitqi ilə açan BAAU-nun rektor köməkçisi Arif Nəcimov tədbir iştirakçılarına "TələbəPlus" layihəsi haqqında ətraflı məlumat verib. O, layihənin tələbələr üçün təqdim etdiyi imkanlardan bəhs edərək kartların paylanmasına start verildiyini tədbir iştirakçıların diqqətinə çatdırıb.
Sonra “Azerconnect Group”un satış kanalları üzrə direktoru Anar Verdiyev “TələbəPlus” layihəsi çərçivəsində həyata keçirilən “Tələbələrə özəl 5 GB hədiyyə!” kampaniyası barədə təqdimatla çıxış edib. O, həmçinin “Bakcell” MMC-nin tələbələr üçün təklif etdiyi 3 aylıq təcrübə proqramı və karyera yüksəlişi üçün yaradılan digər fürsətlər barədə məlumat verib.
Çıxışdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırlıb, fikir mübadiləsi aparılıb. İnfosessiyadan sonra tələbələrə “Tələbələrə özəl 5 GB hədiyyə!” kampaniyasının aktiv olduğu yeni nömrələr paylanılıb.
Qeyd edək ki, 2025-ci il 10 yanvar tarixində BAAU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.