- 01 Jun 2026
Bakı Avrasiya Universitetində (BAAU) ABŞ-nın Mərkəzi Florida Universitetinin professoru Naim Kapucunun iştirakı ilə “İnstitusional potensial, idarəetmə və böhranlara hazırlıq” mövzusunda elmi seminar keçirilib. Seminarda BAAU-nun professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və əməkdaşları ilə yanaşı, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin və analitik mərkəzlərinin nümayəndələri iştirak ediblər.
BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva açılış nitqi ilə çıxış edərək Fulbright Mütəxəssis Proqramı çərçivəsində professor Naim Kapucunun universitetdə keçirdiyi təlim və müzakirələrin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu cür beynəlxalq akademik əməkdaşlıqlar universitetin elmi potensialının gücləndirilməsinə, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsinə və ali təhsildə keyfiyyətin yüksəldilməsinə mühüm töhfə verir.
Professor Naim Kapucu çıxışı zamanı Amerika Birləşmiş Ştatlarının, Avropanın və Azərbaycanın institusional potensialını, idarəetmə və böhranlara hazırlıq sahəsindəki təcrübələrinin müqayisəli təhlilini təqdim edib. Təqdimatda müxtəlif idarəetmə modellərinin üstünlükləri, tətbiq imkanları və müasir dövrdə qarşıya çıxan çağırışlara cavab vermək baxımından əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.
Professor Naim Kapucu çıxışında mürəkkəb və sürətlə dəyişən qlobal şəraitdə dövlət, akademik və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinin, şəbəkə əsaslı idarəetmə yanaşmalarının və strateji koordinasiyanın əhəmiyyətini vurğulayıb.
Seminar zamanı institusional davamlılıq, böhranlara hazırlıq, təşkilatlararası əməkdaşlıq şəbəkələrinin inkişafı, koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi və effektiv qərarqəbuletmə prosesləri ilə bağlı aktual məsələlər müzakirə olunub.
Seminar interaktiv müzakirələr şəraitində davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




