XƏBƏRLƏR

Universitetimizdə “Xalq poeziyası” fənn proqramının monitorinqi və təkmilləşdirilməsi üzrə geniş tərkibli iclas keçirilib

Universitetimizdə “Xalq poeziyası” fənn proqramının monitorinqi və təkmilləşdirilməsi üzrə geniş tərkibli iclas keçirilib
  • 01 Jul 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasında tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması və maraqlı tərəflərin rəy və təkliflərinin nəzərə alınması məqsədilə “Xalq poeziyası” fənn proqramının monitorinqi və təkmilləşdirilməsinə həsr olunmuş geniş tərkibli iclas keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, tələbələr, məzunlar və işəgötürənlər iştirak edərək fənn proqramının məzmunu, tədris metodları və gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıblar.

İclası giriş sözü ilə açan Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç “Xalq poeziyası” fənn proqramının məqsəd və vəzifələri, onun tədris prosesində rolu barədə ətraflı məlumat verib. Professor bildirib ki, ali təhsil sistemində həyata keçirilən islahatlar fonunda fənn proqramlarının müasir elmi yanaşmalar, innovativ tədris metodları və əmək bazarının tələbləri əsasında mütəmadi olaraq yenilənməsi mühüm əhəmiyyət daşıyır. O, bu istiqamətdə maraqlı tərəflərin rəylərinin öyrənilməsinin proqramın keyfiyyətinin artırılmasına və məzmununun zənginləşdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, dosent Lalə Bayramova, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova, Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova və Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İmaməliyev çıxış ediblər.

Çıxışlar zamanı xalq poeziyasının milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsindəki rolu, folklor irsinin elmi əsaslarla öyrənilməsi, xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında qarşılıqlı əlaqələr və müasir tədqiqat istiqamətləri geniş şəkildə təhlil olunub. 

İclas çərçivəsində “Xalq poeziyası” fənn proqramının mövcud vəziyyəti hərtərəfli qiymətləndirilib, proqramın güclü və inkişaf etdirilməsi zəruri olan istiqamətləri müəyyənləşdirilib. Professor-müəllim heyətinin, tələbələrin, məzunların və işəgötürənlərin təklifləri əsasında proqramın məzmununun təkmilləşdirilməsi, praktik yönümlülüyünün artırılması və müasir təhsil standartlarına uyğunlaşdırılması ilə bağlı konkret tövsiyələr irəli sürülüb.

Sonda iştirakçılar belə görüşlərin təhsil proqramlarının davamlı monitorinqi, keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi, akademik mühitlə elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Tədbir səmərəli müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb.

DİGƏR XƏBƏRLƏR