Xəbərlər

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar tədbir keçirilib
  • 16 Jan 2026

Bakı Avrasiya Universitetində (BAAU) 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə açan Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov çıxışında qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və suverenlik iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirən tarixi-siyasi dönüş nöqtəsidir və bu hadisə milli yaddaşın formalaşmasında fundamental əhəmiyyət daşıyır.

Daha sonra Sosial və siyasi fənlər kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova 20 Yanvar hadisələrinin ictimai-siyasi şüurun formalaşmasında xüsusi rol oynadığını, bu hadisələrin milli birliyi möhkəmləndirərək cəmiyyətin tarixi məsuliyyət hissini gücləndirdiyini vurğulayıb. İqtisadiyyat kafedrasının müdiri, dosent Vüsalə Nağıyeva çıxışında 20 Yanvar hadisələrinin müstəqil dövlətçilik ideyasının formalaşmasında mühüm rol oynadığını qeyd edib. Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova isə 20 Yanvar hadisələrinin gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb.

Tədbir, Sosial və siyasi fənlər kafedrasının dosenti Sübhan Talıblının, kafedranın müəllimləri Səidə Cəfərovanın və Seymur Abbasovun çıxışları ilə davam edib.

Çıxışlarda 20 Yanvar hadisələri xalqımızın yaddaşında əbədi olaraq qalması və bu hadisənin gələcək nəsillərə çatdırılması məsələləri də xüsusilə vurğulanıb. 

Digər Xəbərlər