- 22 Nov 2026
Bakı Avrasiya Universitetində (BAAU) “Keyfiyyətli təhsil: Tələbəyönümlü və fəal öyrənməyə əsaslanan innovativ tədris strategiyaları” mövzusunda praktik seminar keçirilib.
Seminarın məruzəçisi Qazi Universitetinin Təhsil fakültəsinin müəllimi və universitetin Keyfiyyətin Təminatı üzrə koordinatoru Prof. Dr. Gürcü Koç olub.
Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Sevda Rzayeva çıxış edərək müasir tədris yanaşmalarının tətbiqinin, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinin və qabaqcıl təcrübələrin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Seminarda tələbələrin təlim prosesində fəal iştirakının təmin edilməsi, problem əsaslı öyrənmə, yaradıcı və tənqidi təfəkkürün inkişafı, eləcə də innovativ tədris modeli kimi müasir tədris yanaşmaları müzakirə olunub.
Məruzəçi bu strategiyaların tədris prosesində tətbiqi imkanları, tələbələrin müstəqil düşünmə və problem həll etmə bacarıqlarının inkişafındakı rolu barədə məlumat verib. Həmçinin tələbəyönümlü təhsil mühitinin yaradılması və fəal öyrənmə metodlarından istifadənin əhəmiyyəti vurğulanıb.
İnteraktiv müzakirələrlə davam edən seminar iştirakçılara beynəlxalq təcrübə ilə tanış olmaq, müasir pedaqoji yanaşmaları müzakirə etmək və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparmaq imkanı yaradıb.
Seminar Bakı Avrasiya Universitetində keyfiyyətli təhsilin təşviqi, müasir tədris metodlarının tətbiqi və beynəlxalq akademik təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli olub.




