- 09 Apr 2024
Bakı Avrasiya Universitetində 9 aprel 2024-cü il tarixində universitetin “Nəzəri dilçilik və türk dilləri” kafedrasının təşkilatçılığı ilə Türkiyədə işıq üzü görmüş, Azərbaycan dilinin zənginliyini özündə daşıyan “Gürcistan ҆dan Azerbaycan ҆a Ağız Sözlüğü Borçalı, Gazah, Akstafa, Tovuz, Gedebey, Şemkir, Gence” adlı lüğətin təqdimat mərasimi keçirilib. Kitab qardaş Türkiyə Respublikasının İstanbul şəhərində “DBY” (Dün, Bugün, Yarın) yayınları adlı nəşriyyat evində işıq üzü görüb. Kitabın nəşrində maliyyə dəstəyini isə “ADDF” (Azərbaycan Diasporuna Dəstək Fonduna) göstərib.
Tədbirdə universitetin professor-müəllim heyətinin bir qismi, Filologiya fakültəsinin bir qism tələbələri, qonaq qismində isə kitabın həmmüəlliflərindən olan, Türkiyənin Qars şəhərinin Qafqaz Universitetində elmi-pedaqoji fəaliyyət göstərən həmyerlimiz doç. Dr. Afina Barmanbay və FADMM-in (Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi) sədr müavini Gülyaz Əliyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Nəzəri dilçilik və türk dilləri” kafedrasının müdiri fil.ü.f.d., dos. Zəminə Rüstəmbəyli söz varlığının önəmindən, ədəbi dili zəngin edən amillərdən birinin dialekt sözlər və şivələr olduğundan, məhz bu səbəbdən, ərsəyə gələn bu kitabın nə qədər dəyərli, əhəmiyyətli bir kitab olduğundan söz açıb və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edib. Kitabın adından da göründüyü kimi, bu kitabda yüz illərlə Azərbaycan türklərinin dədə-baba məskənlərindən olan indiki Gürcüstan ərazisinin Borçalı mahalının, Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir və Gəncə şəhərlərinin özünəməxsus dialekt və şivələrində istifadə olunan sözlər araşdırılıb, toplanıb, kitabda bir araya gətirilərək oxuculara təqdim edilib. Kitabda yer alan Gədəbəy dialektində işlənən sözləri toplayan Bakı Avrasiya Universitetinin Kitabxana və informasiya mərkəzinin müdiri dəyərli ziyalı, filoloq Sima Cəfərova da çıxış edərək bu işin ərsəyə gəlməsində kitabın müəllifləri ilə birgə dilimizə sevgi ilə yola çıxdıqlarından geniş söz açıb. Kitabın həmmüəlliflərindən olan doç. Dr. Afina Barmanbay kitabın digər müəllifi dəyərli ziyalımız Vasif Sadıqlının salamlarını tədbir iştirakçılarına çatdırıb. Afina xanım daha sonra bu kitabın yazılma tarixçəsini, ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb. O, kitabda əməyi olan hər bir ziyalının adını ayrı-ayrılıqda qeyd edərək, onlara və bu kitabın nəşrini maliyyələşdirən Azərbaycan Diasporuna Dəstək Fonduna öz səmimi təşəkkürünü bildirib. Daha sonra professor Ədalət Tahirzadə də çıxış edərək, dilimizin nə qədər qədim, nə qədər zəngin olmasından söz açıb və kitabın işıq üzü görməsində əməyi olan hər kəsi təbrik edib. Daha sonra FADMM-in sədr müavini Gülyaz Əliyeva da tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib. Gülyaz xanım qeyd edib ki, bu kitabda hər şeydən öncə bir sevgi var: tariximizə, adət-ənənələrimizə, dilimizə olan sonsuz sevgi. Məhz bu sevgi kitabda bu qədər ziyalını bir araya toplaya bilmişdir. Tədbirdə daha sonra Filologiya fakültəsinin dekanı fil.ü.f.d., dos. Salman Süleymanov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dos. Mütəllim Rəhimov, Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva, “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının dosenti fil.ü.f.d. Seyfəddin Altaylı da çıxış edərək bu lüğətin əhəmiyyətindən söz açaraq öz ürək sözlərini söyləyiblər.
Tədbirin sonunda kitabın ərsəyə gəlməsində əməyi olan və kitab təqdimatına həsr edilmiş tədbirdə iştirak edən ziyalılarımıza- doç. Dr. Afina Barmanbay, Vasif Sadıqlı, fil.ü.f.d., dos. Kifayət İmamquliyeva və Sima Cəfərova adına hazırlanmış və universitetin rektorunun imzası ilə imzalanmış Təltifnamələr təqdim edilib və gül dəstələri hədiyyə edilib. Kitab təqdimatı gözəl təəssüratlarla yadda qalıb.