- 05 May 2023
Bakı Avrasiya Universitetində “ERASMUS+K2” proqramı çərçivəsində həyata keçirilən ECAR layihəsi üzrə yaradılmış Beynəlmiləlləşmə komitəsinin iclası keçirilib. Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektorlar və departament rəhbərləri iştirak ediblər.
BAAU-nın Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səyavuş Qasımov çıxış edərək tədbir iştirakçılarını rektorun adından salamlayıb və iclasın işinə uğurlar arzu edib. O, Universitetin beynəlxalq əlaqələr sahəsində fəaliyyəti haqqında Komitə üzvlərinə məlumat verib, müasir dövrdə ali təhsildə beynəlmiləlləşmənin əhəmiyyəti və rolu haqqında fikirlərini bildirib. Bütün bunların universitetlərdə elm və təhsil prosesinin təkmilləşdirilməsinə dəstək verdiyini açıqlayıb.
Beynəlmiləlləşmə komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova iclasa ev sahibliyi etdiyinə görə Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. O Komitənin əsasnaməsi və fəaliyyət planını iclas iştirakçılarının müzakirəsinə təqdim edib və sənədlərin beynəlxalq təcrübəyə istinad edilərək hazırlandığını bildirib.
Daha sonra layihə üzrə tərəfdaş universitetlərin nümayəndələri çıxış edərək iclasa təqdim olunmuş əsasnamə və fəaliyyət planına rəy və təkliflərini bildiriblər. İrəli sürülən fikir və təkliflər nəzərə alınaraq Komitənin əsasnaməsi və fəaliyyət planı təsdiq olunub.
Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə 15 yerli tərəfdaş universitet, o cümlədən, Bakı Avrasiya Universiteti və Avropadan olan ali təhsil müəssisələri, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.