Xəbərlər

Azərbaycanda “Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW) çərçivəsində genişmiqyaslı tədbir keçirilib

Azərbaycanda “Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW) çərçivəsində genişmiqyaslı tədbir keçirilib
  • 04 Oct 2024

2024-cü ilin oktyabr ayının 3-də Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı mühüm tədbir - “Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW) çərçivəsində keçirilən müzakirələr baş tutdu. Tədbirin əsas məqsədi iqlim dəyişikliyinin yaratdığı problemlərə diqqət çəkmək və davamlı inkişafı təşviq etmək idi. Bu mötəbər görüş müxtəlif maraqlı tərəfləri - dövlət nümayəndələrini, akademik qurumları, cəmiyyət təşkilatlarını və özəl sektoru bir araya gətirdi. Görüş çərçivəsində iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün innovativ həllər müzakirə edilərək ən yaxşı təcrübələr iştirakçılarla paylaşıldı.
BİFH çərçivəsində bərpa olunan enerji, davamlı şəhər inkişafı və iqlim davamlılığı kimi vacib mövzulara yönəlmiş seminarlar və dəyirmi masa müzakirələri təşkil edildi. Bu müzakirələr iqlim problemlərinin həlli istiqamətində dialoqu asanlaşdıraraq fərqli perspektivlərdən baxışlar ortaya qoydu.
Xüsusilə 3 oktyabr tarixində keçirilən "Ali Təhsilin İqlim Dəyişikliyində Rolu" adlı sessiya, akademik qurumların bu qlobal çağırışdakı vacib töhfələrinə həsr edilmişdi. Sessiyada universitetlər, elmi-tədqiqat institutları və texniki tədris mərkəzləri iqlim dəyişikliyinə qarşı mübarizədə təhsil sisteminin rolunu vurğuladı. Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin bu istiqamətdəki təcrübələri əsas götürülərək, Azərbaycanda da universitetlər arasında iqlim şəbəkəsinin yaradılması təşəbbüsü müzakirə edildi. Bu cür şəbəkənin yaradılması Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı potensialın artırılmasına, tədqiqatların və innovasiyaların dəstəklənməsinə xidmət edəcəkdir.
Bakı Avrasiya Universitetinin nümayəndəsi, dosent Sevda Rzayeva, bu tədbirdə iştirak edərək akademik qurumlar arasında əməkdaşlığın inkişafına dair müzakirələrə qatıldı. Sessiyada iqlim problemlərinə qarşı birgə fəaliyyət, bilik paylaşımı və davamlı praktika inkişafının əhəmiyyəti ön plana çəkildi. Bu şəbəkə, gənc nəslin iqlim dəyişikliyinin təsirlərini qarşılamaq üçün tələb olunan bacarıqlarla təmin olunmasına da xidmət edəcək.
Tədbirin sonunda “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin əsas məqsədləri olaraq, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Azərbaycanda davamlı inkişaf təşəbbüslərinin dəstəklənməsi vurğulandı.

Digər Xəbərlər