Xəbərlər

Azərbaycanda “Ərəb dili” ayının açılış mərasimi keçirilib

Azərbaycanda “Ərəb dili” ayının açılış mərasimi keçirilib
  • 18 Aug 2025

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə 2025-ci ilin avqust ayı Azərbaycanda “Ərəb dili ayı” elan olunub. Bu münasibətlə  Bakı Dövlət Universitetində (BDU) “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi təşkil olunub.

Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, Səudiyyə Ərəbistanı Krallığının və digər ərəb ölkələrinin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının dövlət himnləri səsləndirilib.

Mərasimi giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru, dosent Ülviyyə Hüseynova “Ərəb dili ayı” layihəsinin məqsədləri, əhəmiyyəti və tədbirlər proqramı haqqında məlumat verib. O, qeyd edib ki, bu təşəbbüs ərəb dilinin Azərbaycanda daha geniş tanıdılmasına, elmi-mədəni dialoqun inkişafına və gənc nəslin bu zəngin dilə marağının artırılmasına xidmət edir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəb dilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu, əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühüm rol oynadığını bildirib. 

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdullah bin Saleh əl-Vaşmi Azərbaycan və ərəb dünyası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində belə tədbirlərin rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, “Ərəb dili ayı” təkcə dil və ədəbiyyatla məhdudlaşmır, eyni zamanda ölkələr arasında strateji mədəni diplomatiya və ortaq dəyərlərin paylaşılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli öz çıxışında ərəb dilinin tarixi və beynəlxalq statusuna diqqət çəkib. Bildirib ki, bu dil 1973-cü ildən etibarən BMT-nin rəsmi dillərindən biri olaraq qəbul olunub və Kral Salman adına Akademiya bu dilin qorunması, öyrədilməsi və təşviqi istiqamətində mühüm layihələr həyata keçirir. “Ərəb dili ayı”na ev sahibliyi edən Bakı Avrasiya Universiteti və Bakı Dövlət Universiteti bu təşəbbüsün yerli səviyyədə həyata keçirilməsində xüsusi fəallıq göstərir. Bu da Səudiyyə Ərəbistanının ərəb dili və mədəniyyətinə verdiyi önəmin, habelə Azərbaycanla dostluq münasibətlərinə göstərdiyi diqqətin bariz nümunəsidir”.

Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov ərəb dilinin Azərbaycan üçün yalnız bir ünsiyyət vasitəsi deyil, həm də ölkəmizin tarixinin, mədəniyyətinin və dini irsinin vacib bir hissəsi olduğunu qeyd edib. O, ərəb dilinin xüsusilə müasir dövrdə diplomatik və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb:

Ərəbşünaslıq Mərkəzinin fəaliyyətinə də toxunan rektor, mərkəzin 2019-cu ildən etibarən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının dəstəyi ilə ərəb dili tədrisinin inkişafı və Səudiyyə Ərəbistanı ilə elmi əməkdaşlığın gücləndirilməsinə böyük töhfələr verdiyini bildirib. O, mərkəzin 500-dən çox tələbəyə kurslar keçdiyini, dövlət qurumları və media nümayəndələri üçün tədris proqramları təşkil etdiyini və beynəlxalq səviyyədə bir çox konfrans və müsabiqələr təşkil etdiyini əlavə edib:

Rektor çıxışında həmçinin, Səudiyyə Ərəbistanında təhsil almaq üçün 12 tələbəyə və Azərbaycandakı 15 ərəb dili mütəxəssisinə təlimlər təşkil olunduğunu və hər il 20 tələbənin təhsil haqqının Ərəbşünaslıq Mərkəzi tərəfindən qarşılandığını qeyd edib.

Sonda rektor, “Ərəb Dili Ayı” çərçivəsində keçirilən tədbirlərin yalnız ərəb dilinin tədrisini deyil, həm də ölkələr və xalqlar arasında mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə və elmi əməkdaşlığın inkişafına böyük təsir göstərəcəyini vurğulayıb.

Mərasimdə həmçinin Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının tanıtım videosu nümayiş olunub. Akademiyanın “Əbcəd” tədris mərkəzində təhsil almış azərbaycanlı məzunlar çıxış edərək ərəb dili öyrənməyin verdiyi imkanlardan danışıblar.

Tədbirin davamında ərəb dili üzrə keçirilmiş şeir, qiraət və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb, “Ərəb dilinə dair 100 sual” kitabı təqdim olunub və Azərbaycanda ərəb dilinin mövcud vəziyyəti ilə bağlı hesabat dinlənilib. Tədbir çərçivəsində Akademiya haqqında tanıtım guşəsinə baxış keçirilib.

Digər Xəbərlər