- 21 Nov 2025
Bakı Avrasiya Universiteti (BAAU) konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş “Azərbaycan Milli H-index Ranking” adlı müstəqil beynəlxalq reytinqdə irəliləyiş əldə edib. Belə ki, universitetimiz 2024-cü ilin 4-cü rübündəki 62-ci mövqeyindən 2025-ci ilin 4-cü rübünə 24 pillə irəliləyərək 38-ci mövqeydə qərarlaşıb.
Reytinq göstəricilərində müşahidə olunan bu yüksəliş son illərdə universitetdə həyata keçirilən məqsədyönlü elmi siyasətin, sistemli tədqiqat fəaliyyətinin və beynəlxalq elmi əməkdaşlıqların səmərəli nəticəsi kimi qiymətləndirilir. H-indeks üzrə əldə olunan irəliləyiş BAAU alim və tədqiqatçılarının elmi işlərinin beynəlxalq platformalarda daha geniş tanınması və universitetin qlobal elmi bazalarda təmsilçiliyinin artması ilə birbaşa bağlıdır.
Əldə olunan nəticə həmçinin gənc alimlər, doktorantlar və tələbələr üçün yeni elmi imkanların yaranmasına, innovativ layihələrin təşviqinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə əlavə stimul verir.
BAAU bundan sonra da elmi-tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi, qlobal elmi inteqrasiyanın dərinləşdirilməsi və yüksək akademik göstəricilərin əldə olunması istiqamətində fəaliyyətini davam etdirməkdədir.




