Xəbərlər

BAAU-da 3 Dekabr Beynəlxalq Əlillər Günü qeyd edilib

BAAU-da 3 Dekabr Beynəlxalq Əlillər Günü qeyd edilib
  • 04 Dec 2024

Bakı Avrasiya Universitetində (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə azərbaycanlı para taekvandoçu Sabir Zeynalov, universitetin akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Sevda Rzayeva çıxış edib. S.Rzayeva çıxışında Beynəlxalq Əlillər Gününün hər kəsin bərabər hüquqlara malik olduğu bir dünyaya inamı təcəssüm etdirdiyini diqqətə çatdırıb. O, bu günün cəmiyyətimizin ayrılmaz parçası sayılan əlilliyi olan şəxslərin həyatını yaxşılaşdırmaq, onların uğurlarını dəstəkləmək və potensiallarını üzə çıxarmaq üçün mühüm bir fürsət olduğunu vurğulayıb.
Prorektor çıxışında Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) biri olan "Bərabərsizliyin azaldılması" (DİM 10) mövzusuna toxunaraq bu məqsədin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların təhsil, iş və sosial imkanlardan tam istifadə edə bilməsi üçün qlobal bir çağırış olduğunu bildirib. O, bərabərsizliyin azaldılmasının yalnız əlilliyi olan şəxslər üçün deyil, ümumilikdə hər kəs üçün daha inklüziv və ədalətli bir cəmiyyət qurmağın əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
Sevda xanım, tədbirin xüsusi qonağı olan və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edən para taekvandoçu S.Zeynalovun iştirakından qürur duyduğunu qeyd edib. O, həmçinin qonağın idman sahəsində qazandığı uğurların və göstərdiyi əzmkarlığın hər kəs üçün ilham mənbəyi olduğunu diqqətə çatdırıb. S.Rzayeva çıxışını, inklüzivliyin və bərabərliyin yalnız sözlərdə deyil, əməli addımlarda da həyata keçirilməsinin vacibliyini vurğulayaraq tamamlayıb. Daha sonra BAAU-nun Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva, Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, dos. Aybəniz Rüstəmova və rektorun köməkçisi Arif Nəcimov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və hüquqlarının qorunması ilə bağlı məsələlərə toxunublar.
Tədbirdə söz alan S.Zeynalov dəvətə görə BAAU-nun rəhbərliyinə və tədbir təşkilatçılarına minnətdarlığını bildirib, cəmiyyətimizdə inklüzivliyin inkişafı və əlilliyi olan şəxslərin uğurlarının geniş ictimaiyyətə tanıdılmasının vacibliyini vurğulayıb. O, belə tədbirlərin sosial həssas qrupların potensialının daha yaxşı dərk edilməsinə şərait yaratdığını qeyd edib. S.Zeynalov əlavə edib ki, əlillik əngəllik və təcrid olunmaq deyil, əksinə iradə və çalışqanlıq göstərməklə bir çox nailliyyətlər əldə etmək mümkün olduğunu öz timsalında və uğur hekayəsini danışmaqla tədbir iştirakçıları ilə bölüşüb. S.Zeynalov tələbələrə həssas əhali qrupuna daim diqqət və qayğı göstərməyin vacibliyini vurğulayaraq, onlara təhsillərində və gələcək karyelarında uğurlar arzuladı.
Tədbir tələbələrə Beynəlxalq Əlillər Gününün mahiyyəti barədə məlumat veriliməklə davam edib. Tələbələr arasında mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparılıb, inklüziv cəmiyyətin qurulması istiqamətində görülə biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BAAU-da Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş müxtəlif tədbirlərin təşkilinə xüsusi önəm verilir. Universitetdə mütəmadi olaraq bərabərlik, idman və sağlamlıq, inklüzivlik və sosial məsuliyyət mövzularını əhatə edən seminarlar, müzakirələr və maarifləndirici layihələr həyata keçirilir.

Digər Xəbərlər