- 24 Feb 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz-milli kimliyimiz!” adlı tədbir təşkil edilib. Tədbirdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının müəllim və şagirdləri, universitetin akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Tədbirin açılışında Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dos. Zəminə Rüstəmbəyli çıxış edərək Beynəlxalq Ana Dili Günü haqqında iştirakçıları məlumatlandırıb.
Sonra prof. Ədalət Tahirzadə və İlhamə Şıxıyeva Azərbaycan dili və onun milli kimliyimizdəki rolu haqqında dərin məzmunlu məruzələrini təqdim ediblər.
Tələbələrin çıxışlarından sonra S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının Tədris işləri üzrə direktor müavini Leyla Hacıyeva gimnaziyanın fəaliyyətindən bəhs edib. Ana dilin qorunmasının vacibliyindən söhbət açan L.Hacıyeva keçirilən tədbiri təqdirəlayiq addım kimi qiymətləndirib.
Tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə BAAU-nun tələbləri və gimnaziyanın şagirdlərinin ifasında esse, qiraət və şeirlər səsləndirilib, musiqilər dinlənilib. Tədbirdə əcnəbi tələbələr Azərbaycan dilində çıxışlar edərək, Səməd Vurğunun “Azərbaycan” şeirini oxuyub.
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, dos. Salman Süleymanov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri prof. Elmira Məmmədova-Kekeç, dos. Seyfəddin Altaylı və digər iştirakçılar çıxışlar edərək tədbirin uğurla başa çatdığını diqqətə çatdırıblar. Tədbir iştirakçılarına kitab və təşəkkürnamələr təqdim olunub