- 29 Nov 2024
Bakı Avrasiya Universitetində (BAAU) Avrasiya Yazıçılar Birlyinin (AYB) sədri Ufuk Tuzman ilə görüş keçirilib. Görüşdə BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı, Nəzəri dilçilik və türk dilləri kafedralarının müəllimləri, Filologiya fakültəsinin tələbələri iştirak edib.
Görüş zamanı U.Tuzman rəhbəri olduğu təşkilatın fəaliyyəti və məqsədləri barədə tələbələri məlumatlandırıb. O, AYB-nin Avrasiya coğrafiyasında ədəbiyyatın inkişafını dəstəklədiyini və türk dünyası yazarlarının birliyini gücləndirmək məqsədilə görülən işlərdən bəhs edib.
Sədr həmçinin AYB-nin həyata keçirdiyi layihələr və tədbirlər, o cümlədən müxtəlif ölkələrdə keçirilən yazarlar forumları, konfranslar və ədəbi müzakirələr haqqında ətraflı danışıb. O, AYB-nin nəşr etdiyi "Kardeş Kalemler" dərgisi vasitəsilə türk dünyasının müxtəlif bölgələrindən olan yazıçıların əsərlərinin geniş oxucu auditoriyasına çatdırıldığını vurğulayıb.
U.Tuzman AYB-nin əsas prioritetlərindən birinin türk ədəbiyyatının ortaq dəyərlərini qoruyub gələcək nəsillərə çatdırmaq olduğunu qeyd edərək, gənc yazarlar üçün yaradılan imkanlar və ortaq layihələrdə iştiraka çağırış edib.
Görüş tələbələr tərəfindən maraqla qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra BAAU-nun rektoru, dos. Səyavuş Qasımov AYB-nin sədri U.Tuzmanı qəbul edib. Görüş zamanı AYB ilə universitet arasında mövcud əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
U.Tuzman universitetin təhsil və mədəniyyət sahəsindəki fəaliyyətlərini yüksək qiymətləndirib. O, AYB-nin Avrasiya coğrafiyasında ədəbi irsin qorunması və təbliği üçün həyata keçirdiyi layihələrdən bəhs edərək, universitetin tələbələrinin bu layihələrdə fəal iştirakının mümkünlüyünü qeyd edib.
Rektor S.Qasımov AYB-nin fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşərək bu əməkdaşlığın tələbələrin yaradıcı inkişafına töhfə verəcəyini vurğulayıb. Görüş zamanı gələcəkdə birgə fəaliyyətin, konfransların, ədəbi müsabiqələrin və elmi-ədəbi tədbirlərin təşkil olunması ilə bağlı müzakirələr aparılıb.