Xəbərlər

BAAU-da Avropa Birliyinin layihəsinin təqdimatı keçirilib

BAAU-da Avropa Birliyinin layihəsinin təqdimatı keçirilib
  • 11 Apr 2022

Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində növbəti tədbir Bakı Avrasiya Universitetində keçirilib. Tədbir Bakı Avrasiya Universitetinin əməkdaşlarının həyata keçirilən layihə barədə məlumatlandırılmasına həsr olunub. Giriş sözü ilə çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov indiyədək görülən işlər barədə danışaraq deyib ki, ali təhsil müəssisələri arasında icra edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi ali təhsilin inkişafına, universitetlər arasında əlaqələrin qurulmasına, əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verməkdədir. 

Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov isə layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib. Eyni zamanda E.Bayramov layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında danışıb. O, layihənin həyata keçirilməsində əsas məqsədin milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməklə təhsilin keyfiyyətinə müsbət təsir göstərmək və Avropa təhsil sisteminə inteqrasiyanı daha da dərinləşdirmək olduğunu bildirib.

Layihə rəhbəri Gülşən  Bayramova layihəyənin məqsəd və vəzifələri haqqında təqdimatla çıxış edib. O çıxışı zamanı universitet rektorlarının iştirakı ilə təsis ediləcək “Rektorlar Konfransı”nın yaradılmasının ali təhsilin problemlərinin həllinə yardım göstərəcəyini vurğulayıb. Bildirdi ki, təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən ictimai müzakirələr ali təhsilə aid problemlərin müəyyənləşdirilməsinə və onların həllinə töhfə verəcək, təcrübə mübadiləsinə, uğurlu nəticələrin bölüşdürülməsinə və paylaşılmasına imkan yaradacaq.

G.Bayramova rektorlardan ibarət bir ictimai birliyin yaradılmasının təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına kömək edəcəyini tədbir iştirskçılarının diqqətinə çatdırıb. O deyib ki, biz ikipilləli ali təhsil arasında kəsilməzliyin təmin olunması, kredit sisteminin uğurlu və tam şəkildə tətbiqi, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, ixtisasların və diplomların Avropa məkanında tanınması, məzunların işlə təminatına nail olunması və s. məsələlərin həllində ciddi irəliləyiş gözləyirik. “Bütün bunların təmin olunması üçün ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin özlərinin fəaliyyətinin ilk növbədə əlaqələndirilməsinə ehtiyac vardır. Ali təhsildə olan çatışmazlıqları birlikdə aradan qaldıra bilərik. Eyni zamanda, dünyanın qabaqcıl ölkələrində olan müasir təhsil sistemini hamılıqla daha uğurlu şəkildə ölkəmizdə tətbiq edər, yaxşı nəticələr əldə edə bilərik” – G.Bayramova sonda bildirib.  

Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova, Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, layihənin universitet üzrə meneceri, “Tərcümə” kafedrasının müdiri, dosent Sevda Rzayeva da çıxış edərək öz fikirlərini bölüşüblər.

Onu da qeyd edək ki, layihə üç il ərzində həyata keçiriləcək. Bu müddət ərzində zəngin tədbirlər planının həyata keçirilməsi və ali təhsilin inkişafı istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsi nəzərdə tutulub. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.

Digər Xəbərlər