Xəbərlər

BAAU-da Azərbaycan - Qazaxıstan əməkdaşlığına həsr olunmuş panel müzakirəsi keçirilib

BAAU-da Azərbaycan - Qazaxıstan əməkdaşlığına həsr olunmuş panel müzakirəsi keçirilib
  • 01 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Azərbaycan - Qazaxıstan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Tədbirdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri, yeni əməkdaşlıq imkanları, eləcə də beynəlxalq proseslər fonunda regional əməkdaşlığın rolu müzakirə edilib.

Tədbir BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və STEM Analitik Mərkəzinin direktoru Orxan Yoluçevin açılış nitqləri ilə başlayıb. Çıxışlarda Azərbaycan - Qazaxıstan münasibətlərinin daim dostluq, qarşılıqlı hörmət və ortaq türk irsi üzərində qurulduğu, bu irsin həm mədəni, həm də elmi əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb.

Rektor, dos. Səyavuş Qasımov çıxışında qeyd edib ki, xalqlarımız arasında ortaq elmi məkanın gücləndirilməsi, təhsil sahəsində inteqrasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə birgə klasterlərin qurulması gələcək əməkdaşlığın əsas prioritetlərindəndir. Ortaq dil və terminologiyanın uyğunlaşdırılması, gənclərlə iş və maarifləndirmə sahəsində təşəbbüslərin isə strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Panel müzakirəsində Milli Məclisin deputatı Azər Allahverənov, Qazaxıstanın Əl-Farabi adına Milli Universitetinin dosenti Adilbek Ermekbaev və sözügedən universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti Jekenov Duman Kurmanqaziyeviç, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, hüquq elmləri doktoru və diplomat Namiq Əliyev, Beynəlxalq münasibətlər üzrə ekspertlər Fuad Çırağov, Nargiz Məmmədova, eləcə də logistika üzrə ekspert Rauf Ağamirzayev məruzələrlə çıxış ediblər. 

Ekspertlər öz çıxışlarında regional əməkdaşlıq formatları, nəqliyyat-logistika marşrutlarının inkişafı, ikitərəfli münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərini xüsusi vurğulayıblar. 

Panel müzakirəsinin yekununda iştirakçılar Azərbaycan - Qazaxıstan əlaqələrinin davamlı inkişafı üçün elmi əsaslara söykənən praktiki əməkdaşlığın əhəmiyyətini bir daha diqqətə çatdırıblar. 

Tədbir açıq diskussiya və fikir mübadiləsi ilə davam edib.

Digər Xəbərlər