- 03 Oct 2024
2024-cü il oktyabrın 3-də Bakı Avrasiya Universitetində Elm, magistratura və doktorantura sektorunun təşkilatçılığı ilə doktorant İsa Babayevin “Azərbaycan Respublikasının dövlət quruluşu, idarəetmə forması. Azərbaycan Respublikasında dövlət hakimiyyəti” mövzusunda mühazirəsi təşkil olundu. Fransa Respublikasının “Sorbonne University” təmsilçisi olan İsa Babayev təqdimatla çıxış edib.
Mühazirə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantların müqavilə öhdəliklərinin yerinə yetirilməsi planına uyğun olaraq həyata keçirildi. Bu Proqram, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan iştirakçıların ölkə daxilində əldə etdikləri bilikləri geniş auditoriyalarla paylaşmasını, onların elmi və praktiki təcrübələrini ölkənin təhsil sisteminin inkişafına yönəltməsini təşviq edir.
Mühazirə “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” fənni çərçivəsində baş tutdu və baş müəllim, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənovanın rəhbərliyi ilə təşkil edildi. Tədbirdə iştirakçılar Azərbaycanın dövlət idarəetmə sistemi və dövlət hakimiyyətinin əsas prinsipləri barədə dərin biliklər əldə etdilər. Tələbələr mövzu ilə bağlı suallar verərək mühazirəyə aktiv şəkildə qoşuldular. Tədbirin sonunda İsa Babayev iştirakçıların suallarını ətraflı cavablandırdı.