Xəbərlər

BAAU-da Azərbaycan tranzit marşrutlarının inkişafına həsr olunmuş dəyirmi masa keçirilib

BAAU-da Azərbaycan tranzit marşrutlarının inkişafına həsr olunmuş dəyirmi masa keçirilib
  • 19 Mar 2025

2025-ci il martın 17-də Bakı Avrasiya Universiteti (BAAU) və Siyasət, Tarix və Etnoqrafiya Mərkəzi (STEM) Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan-transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində" mövzusunda dəyirmi masa keçirilib. BAAU-nun konfrans zalında keçirilən dəyirmi masada Milli Məclisin deputatları, dövlət və hökümət qurumlarının nümayəndələri, ekspertlər və universitetin akademik-inzibati heyət üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra, BAAU-nun rektoru, dos. Səyavuş Qasımov açılış nitqi ilə çıxış edərək bu gün Azərbaycanın transkontinental meqa marşrutlarının kəsişmə nöqtəsində mövzusuna həsr olunmuş dəyirmi masanın keçirildiyini diqqətə çatdırıb. Rektor universitetlərlə elm mərkəzləri arasında əməkdaşlıq, birgə elmi tədqiqatların aparılması və yeni ideyaların birləşdirilməsinin cəmiyyətin inkişafına töhfə verdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, BAAU 30 ildən çoxdur ki, fəaliyyət göstərir və hal-hazırda 17 ölkədən 150-yə yaxın əcnəbi tələbə təhsil alır. Rektor, həmçinin, universitetin beynəlxalq tələbə kontingenti və elmi layihələrdəki rolundan bəhs edib.
STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev çıxışında Azərbaycanın coğrafi mövqeyinin önəmini vurğulayaraq, ölkənin Şərq-Qərb və Şimal-Cənub marşrutları üzərində açar rol oynadığını bildirib. O, qeyd edib ki, Azərbaycanın tranzit potensialının artırılması və bu sahədə kadr hazırlığı üçün BAAU ilə STEM arasında bağlanan memorandum böyük əhəmiyyət daşıyır. Direktor həmçinin beynəlxalq nizamın dəyişən dinamikasını və Azərbaycanın bu prosesdəki rolunu yüksək qiymətləndirib.Daha sonra dəyirmi masanın proqramına uyğun olaraq dövlət və hökümət nümayəndələri çıxışlar ediblər.
Açılış nitqlərindən sonra BAAU ilə STEM Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum 5 il müddətinə qüvvədə olacaq və tərəflər arasında birgə elmi tədqiqatlar, konfranslar, seminarlar və digər tədbirlərin təşkili nəzərdə tutulur.
Daha sonra dəyirmi masanın proqramına uyğun olaraq dövlət və hökümət nümayəndələri çıxışlar ediblər.
Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycanın qlobal nəqliyyat, logistika və enerji axınlarında strateji rolunu vurğulayaraq, infrastruktur inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Deputat Rizvan Nəbiyev çıxışında Azərbaycanın enerji strategiyasının uğurlarından söhbət açıb və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işləri qiymətləndirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı və dəhlizlərin rəqəmsallaşdırılması istiqamətində görülən işlər haqqında danışıb. O, Orta dəhliz üzrə yükdaşımaların həcminin 2030-cu ilə qədər 100 milyon tona çatacağını bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yükdaşıma departamentinin rəhbəri  Sübhan Abilov avtomobil nəqliyyatı sahəsində aparılan islahatların tranzit potensialının artırılmasına verdiyi töhfəni vurğulayıb və Azərbaycanın beynəlxalq yükdaşımalarında rolunun son illərdə artdığını qeyd edib.
Dövlət Dəniz və Liman Agentliyinin Dövlətlərarası əlaqələr şöbəsinin müdiri Xatirə Mehdiyeva Azərbaycanın dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurlardan danışıb və ölkənin beynəlxalq limanlarının regiondakı rolunu vurğulayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Marketinq və tarif departamentinin müdir müavini Natiq Rəsulzadə "Azərbaycan Dəmir Yolları"nın Orta dəhliz və Şimal-Cənub dəhlizi üzrə fəaliyyətini təqdim edərək, 2025-ci ilə qədər Orta dəhliz üzrə yükdaşımaların 600 bloka qədər artırılmasının planlaşdırıldığını qeyd edib.
Çıxışlardan sonra dəyirmi masa formatında bir sıra ekspert və sahə mütəxəssislərinin iştirakı ilə Azərbaycanın tranzit potensialının artırılması, infrastruktur inkişafı və beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Müzakirələrdə politoloq, iqtisad elmləri üzrə fəlsəfə doktoru İlqar Vəlizadə, nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İctimai Şuranın üzvü Rauf Ağamirzəyev, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Qəribli çıxış ediblər. Onlar Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun inkişafı və regiondakı beynəlxalq əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər