- 17 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Elm, innovasiya və doktorantura sektorunun və "Riyaziyyat və İKT" kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın enerji strategiyasının dəstəklənməsi: innovativ yanaşmalar və yaşıl enerji imkanları” mövzusunda elmi-praktik tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi Azərbaycanın enerji sektorunda həyata keçirilən müasir islahatların müzakirəsi, xüsusilə külək, günəş, geotermal və hidroelektrik kimi bərpa olunan enerji mənbələrinin tətbiqi, yanacaq sərfiyyatının azaldılması, enerji səmərəliliyinin artırılması və karbon tutma texnologiyalarının inkişafına dəstək göstərmək olub. İştirakçılar həmçinin ölkənin enerji təhlükəsizliyi və enerji suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş innovativ yanaşmalar və dövlət strategiyaları barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə enerji mühəndisliyi üzrə akademik mütəxəssis, Aydan Aslanova “Azərbaycanın enerji strategiyasına innovativ yanaşmalar və yaşıl enerji imkanları” mövzusunda təqdimatla çıxış edib. O, təqdimatında Azərbaycanın bərpa olunan enerji potensialına dair mühüm məqamları, bioyanacaqların tətbiqi, innovativ texnologiyaların enerji sektoruna inteqrasiyası, istixana qazı emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib.
Müzakirələr zamanı iştirakçılar Azərbaycanın enerji siyasətinin gələcək prioritetləri, yaşıl enerji layihələrinin iqtisadi və ekoloji əhəmiyyəti, innovasiya və enerji təhsilinin sektora inteqrasiyası məsələlərini nəzərdən keçiriblər.
Sonda vurğulanıb ki, innovativ yanaşmaların və yaşıl enerji konsepsiyasının inkişafı ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə, ekoloji dayanıqlığın təmin edilməsinə, aşağı emissiyalı enerji keçidi üzrə milli hədəflərin irəliləməsinə və ümumilikdə davamlı inkişafın təşviqinə mühüm töhfə verir.




