- 31 Mar 2023
Bakı Avrasiya Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələrlə yanaşı Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının nümayəndəsi də iştirak ediblər.
Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin oxunması ilə başlayıb. Daha sonra 31 mart soyqırımı hadisələrini əks etdirən foto-sərgi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova bildirib ki, 20-ci yüzilliyin soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı keçirdiyi əsrin qətliamıdır. O qeyd edib ki, ermənilər 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Daha sonra çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, sovet dövründə bu həqiqətlərin əsl mahiyyətinin gizlədilməsindən danışıb. Bildirib ki, yalnız müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı günü” elan edilib və bununla bağlı müvafiq sərəncam və tədbirlərin görülməsindən sonra soyqırıma hüquqi və siyasi qiymət verilib.
Tədbirin sonunda digər qonaqlar da “Tariximizin qan yaddaşında 31 mart soyqrımı”mövzusunda maraqlı çıxışları ilə yadda qalıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.