XƏBƏRLƏR

BAAU-da Beynəlxalq Tərcüməçilər Günü qeyd olunub

BAAU-da Beynəlxalq Tərcüməçilər Günü qeyd olunub
  • 30 Sep 2026

Bakı Avrasiya Universitetində (BAAU) Tərcümə kafedrasının təşkilatçılığı ilə 30 sentyabr – Beynəlxalq Tərcüməçilər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Sevda Rzayeva, Tərcümə kafedrasının müdiri, dos. Nigar Əliyeva, Keyfiyyət Təminatı Sektorunun müdiri Esmira Talıbova, kafedranın professor-müəllim heyətinin üzvləri və Tərcümə ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili ixtisası üzrə müəllimi Mais Ağaverdiyev, sərbəst sinxron tərcüməçilər İsrafil Xakiyev və Ramal Xosrovzadə, həmçinin tərcüməçi, BAAU-nun Tərcümə kafedrasının müəllimi Elvin Abbasbəyli qonaq qismində çıxış ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən dos. Sevda Rzayeva “Beynəlxalq Tərcüməçilər Günü”nün tərcüməçilik peşəsinin inkişafı və bu sahənin cəmiyyətlərarası, mədəni və elmi kommunikasiyada rolu baxımından əhəmiyyətindən bəhs edib. O, tərcümənin müxtəlif dillərdə danışan xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin inkişafında mühüm vasitə olduğunu qeyd edib. 

Dos. Nigar Əliyeva çıxışında tərcümə sahəsində müasir əmək bazarının tələblərinə uyğun kompetensiyalara malik mütəxəssislərin hazırlanmasının əhəmiyyətinə toxunub. O, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki tərcümə bacarıqlarına yiyələnməsinin, dil biliklərini inkişaf etdirməsinin və peşəkar fəaliyyətin tələblərinə uyğun olaraq öz bilik və bacarıqlarını davamlı şəkildə təkmilləşdirməsinin zəruriliyini diqqətə çatdırıb.

Mais Ağaverdiyev ərəb dilindən və ərəb dilinə tərcümənin spesifik xüsusiyyətləri, dil və mədəniyyət amillərinin tərcümə prosesinə təsiri barədə məlumat verib.

İsrafil Xakiyev və Ramal Xosrovzadə sinxron tərcümə sahəsində peşəkar fəaliyyətlərinə dair təcrübələrini tələbələrlə bölüşüblər. Çıxışlarda sinxron tərcümə prosesində qarşıya çıxan çətinliklər, operativ qərarvermə, diqqətin effektiv idarə olunması, yüksək dil kompetensiyası və peşəkar hazırlığın əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Elvin Abbasbəyli müasir tərcüməçilik fəaliyyətində peşəkar yanaşmanın, dərin dil biliklərinin və davamlı özünüinkişafın rolundan bəhs edib.

Tədbirin sonunda qonaqlar tələbələrin suallarını cavablandırıb, tərcüməçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə peşəkar təcrübələrini bölüşüblər.

DİGƏR XƏBƏRLƏR