Xəbərlər

BAAU-da “CASHIPI-25” Beynəlxalq Konfransı işə başlayıb

BAAU-da “CASHIPI-25” Beynəlxalq Konfransı işə başlayıb
  • 15 Oct 2025

2025-ci il oktyabrın 15-də Bakı Avrasiya Universitetində (BAAU) Scholar Worldwide (SCHWLAR) təşkilatının birgə əməkdaşlığı ilə “Tətbiqi və humanitar elmlərin konvergensiyasında süni intellektin rolu: innovasiyaya aparan interdisiplinar yanaşmalar” mövzusunda 11-ci Beynəlxalq Konfrans (CASHIPI-25) öz işinə başlayıb.

Konfransın əsas məqsədi süni intellekt vasitəsilə tətbiqi və humanitar elmlərin inteqrasiyasını müzakirə etmək, bu istiqamətdə elmi, texnoloji və sosial innovasiyaları təşviq etməkdir.

Açılış mərasimində Azərbaycan və İraq dövlət himnləri səsləndirilib, ardınca Bakı Avrasiya Universitetini və Scholar Worldwide təşkilatını tanıdan təqdimat videoları nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan BAAU-nun rektoru, dosent Səyavuş Qasımov konfransın elmi və praktik əhəmiyyətindən bəhs edərək, süni intellektin çağdaş elm və cəmiyyət üçün yaratdığı imkanlara diqqət çəkib.

Onun sözlərinə görə, təhsil sektoru bu transformasiyanın ön cəbhəsində dayanır və dünyanın bir çox ölkəsində artıq süni intellekt texnologiyaları tədris prosesinə, qiymətləndirməyə və idarəetməyə aktiv şəkildə inteqrasiya olunur. UNESCO-nun 2024-cü il hesabatına əsasən, hazırda dünyanın ali təhsil müəssisələrinin 45 faizdən çoxu tədrisdə bu imkanlardan istifadə edir.

Daha sonra çıxış edən Scholar Worldwide təşkilatının direktoru, professor Murad Əl Abdullah tədbirin beynəlxalq əməkdaşlıq və elmi mübadilə baxımından önəmini vurğulayıb.

BAAU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva çıxışında universitetin qlobal elmi platformalarda iştirakının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və bu cür tədbirlərin elmi inteqrasiyaya verdiyi töhfələrdən danışıb.

Ərəbşünaslıq Mərkəzinin elmi rəhbəri, dosent Ülviyyə Hüseynova da konfrans çərçivəsində çıxış edərək mövzunun aktuallığı və tədqiqat imkanları barədə fikirlərini bölüşüb.

Konfransın əsas məruzəçisi, doktor Ahmed Səddam “Süni intellektin İraq–Azərbaycan iqtisadi münasibətlərinin gələcək inkişafına təsiri” mövzusunda çıxış edərək bu sahədə mövcud potensial və perspektivlərə dair elmi təhlil təqdim edib.

Açılış mərasiminin sonunda elmi və təşkilati fəaliyyətlərinə görə bir sıra iştirakçılar sertifikatlarla təltif olunublar. Tədbir bədii hissə ilə davam edib. 

“CASHIPI-25” beynəlxalq konfransı 15-16 oktyabr tarixlərində müxtəlif elmi sessiyalarla davam edib.

Digər Xəbərlər