XƏBƏRLƏR

BAAU-nun müəllimi Orhun Mübadilə Proqramı çərçivəsində Kastamonu Universitetində akademik səfərdə olub

BAAU-nun müəllimi Orhun Mübadilə Proqramı çərçivəsində Kastamonu Universitetində akademik səfərdə olub
  • 23 Nov 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının baş müəllimi Sevinc Talıbova 9–13 noyabr 2026-cı il tarixlərində Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Kastamonu Universitetində akademik səfərdə olub.

Səfər çərçivəsində Sevinc Talıbova Kastamonu Universitetinin İnsan və İctimai Elmlər Fakültəsinin dekanı, professor Fatma Zehra Pattabanoğlu ilə görüşüb. Görüşdə universitetlərarası akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi fəaliyyət və gələcək mübadilə imkanları müzakirə olunub.

Bununla yanaşı, müəllim Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölməsinin rəhbəri, professor Orhan Söylemez və Orhun Mübadilə Proqramının koordinatoru, dosent Ömer Faruk Ateş ilə də görüşüb.

Akademik proqram çərçivəsində Sevinc Talıbova bölmənin tələbələri üçün Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinə həsr olunmuş mühazirə və seminarlar keçirib. Tədris məşğələlərində Azərbaycan və Türkiyə türkcələrinin ortaq dil xüsusiyyətləri, leksik yaxınlığı, fonetik və semantik paralelləri konkret dil faktları əsasında təhlil olunub.

Səfər zamanı müəllim Kastamonu Universitetində keçirilən viza imtahanlarının təşkili və qiymətləndirmə prosesi ilə də tanış olub, imtahanların gedişini müşahidə edib.

Qeyd edək ki, Bakı Avrasiya Universiteti beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsini və professor-müəllim heyətinin beynəlxalq mübadilə proqramlarında iştirakını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Orhun Mübadilə Proqramı bu istiqamətdə müəllimlər arasında akademik təcrübə mübadiləsinə, elmi-pedaqoji əlaqələrin inkişafına və Türk dünyasının ali təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir.

BAAU-nun müəllimi Orhun Mübadilə Proqramı çərçivəsində Kastamonu Universitetində akademik səfərdə olub

DİGƏR XƏBƏRLƏR